31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü http://az.wikipedia.org/wiki/D%C3%BCnya_Az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n%C4%B1n_H%C9%99mr%C9%99yliyi_G%C3%BCn%C3%BC - sitat_qeyd-1 dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi vətənlə döyünən, milli birlik amalı ilə yaşayan çoxmilyonlu Azərbaycan millətinin birlik, bütövlük şüarının simvolik şəkildə reallaşdığı gündür. Belə bir günün tarix səhnəsinə daxil olması mövcud zərurətin, həmrəyliyin nəticəsi olmuşdur. 1989-cu il dekabrın axırlarında Naxçıvanda Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılması, iki totalitar dövlətin (SSRİ və İran) ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, şimalda və cənubda yaşayan həmvətənlərimizin bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Bu vaxt İstanbulda keçirilən Türkdilli xalqların Konfransı tarixi zərurətdən və mənəvi ehtiyacdan yaranan bu günün dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verdi. 1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etməklə həmrəyliyin hüquqi və siyasi təsdiqini reallaşdırdı. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə əlavə olunaraq hər il bayram kimi qeyd olunmağa başladı. Bu tarixi hadisə xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində təkanverici bir amil oldu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə böyük təmtəraqla qeyd olunan milli birlik, bütövlük günümüz qısa müddətdə milli təfəkkür tərzinə çevrilərək dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur, mənəvi dayaq və ümid günü oldu. Xaricdəki diasporumuzun təşkilatlanmasında, onların arasında milli həmrəyliyin gücləndirilməsində önəmli rol oynayan və Azərbaycan dövlətçiliyininin onurğa sütununu təşkil edən tarixi azərbaycançılıq ideologiyamızın böyük öndər Heydər Əliyev tərəfindən yenidən gündəmə gətirilməsi isə dünya azərbaycanlılarını birləşdirən, həmrəyliyi daha da gücləndirən ən önəmli faktorlardan birinə çevrildi.
Bu gün dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Hər bir azərbaycanlı öz kimliyi, milli mənsubiyyəti ilə fəxr etməli, zəngin və qədim tarixi, çoxəsrlik ortaq mədəni-mənəvi sintez missiyasını özündə əks etdirən dövləti ilə qürur duymalıdır. Dünyanın müxtəlif yerlərinə səpələnmiş çoxmilyonlu millətimiz Azərbaycançılıq ideologiyası ətrafında birləşərək, , uğurlu bir gələcəyə, daha sıx həmrəyliyə, güclü və inkişaf etmiş Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinə çalışmalıdır. Bu, bizim amalımıza, həyat fəlsəfəmizə çevrilməlidir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı
Həmrəyliyimiz və birliyimiz mübarək!
1304