Dondurma alarkən, diqqət! - REPORTAJ
08 iyun 2016 13:47 (UTC +04:00)

Dondurma alarkən, diqqət! - REPORTAJ

Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar dondurmalara tələbat artır. Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün həm də geniş seçim imkanı yaradır. Amma təbii ki, hər kəsin ləzzətlə yediyi dondurma heç də həmişə lazımı keyfiyyət tələblərinə cavab vermir.
 
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA TV-yə açıqlamasında deyib ki, yerli dondurma müəssisələrində aparılan sonuncu yoxlamalar zamanı heç bir narahatedici faktlar aşkarlanmayıb:
 
“Son dövrlərdə Azərbaycanda dondurma istehsalı ilə bağlı  kifayət qədər irəliləyişlər var. Hətta bizim məhsullar inkişaf etmiş ölkələrdə istehsal olunan dondurmalardan da geri qalmır. Amma bununla yanaşı həm regionlarda , həm da Bakı da standartlara uyğun olmayan sexlər də mövcuddur. Bu say regionlarda daha çox üstünlük təşkil edir. Son illər müasir texnologiyalarla təchiz olunmuş zavodlar isə standartlara uyğun olan dondurmalar istehsal edir. Dondurmanın keyfiyyəti xammalından asılı olaraq müəyyənləşir. Əgər dondurmanın istehsalında olan xammal özü keyfiyyətlidirsə , əlavə indiqrientlər əlavə olunmayıbsa, keyfiyyətə uyğun sayılır”.
 
Mütəxəssis deyir ki, dondurma süd əsasında hazırlandığından tərkibində süd yağı, zülallar, mineral maddələr, vitaminlər və s. var. Dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Əsas dondurma növlərinə südlü, qaymaqlı, plombir, meyvə-giləmeyvəli, ətirli dondurmalar aiddir. Bunların hər birinin əlavələrindən asılı olaraq müxtəlif çeşidləri istehsal edilir.
 
"Azərbaycanda qüvvədə olan qanunvericiliyə görə, dondurmanın istehsalında yalnız süd yağı istifadə olunmalıdır. Amma Avropa ölkələrində xüsusilə bu, bitki yağları ilə də əvəz oluna bilər. Bu istehsal Azərbaycanda hələ qadağandır. Amma tərkibində süd yağı istifadə olunan dondurmalar keyfiyyətli təbii dondurma hesab olunur. Bu tərkibə şəkər, süd yağı , və stablizatorlar əlavə edilir. Stabilizator əlavələr isə bilavasitə dondurmanın qatılaşması üçün edildiyindən, buna Dünya Səhiyyə Təşkilatı icazə verib".
 
İmran Abdullayev deyir ki, dondurmanın saxlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 C-dən yüksək olmayan temperaturda saxlanmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmalar 1,5 ay, südlü dondurma 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombir dondurması 2 ay saxlana bilər. Dondurma alarkən diqqətli olmağın vacibliyini vurğulayan İ. Abudullayev əriyib formasını dəyişmiş dondurmanı qətiyyən almamağı tövsiyə edir:
 
“Dondurmanın 60-65 faizi su ilə hazırlanır. Bu suyun tərkibi təmizlənmiş və zərərsizləşdirilmiş olmalıdır. Çünki dondurma istehsalında istifadə edilən su südə qarışdırıldıqdan sonra zərərsizləşdirilə bilməz. Suyun proporsiyası elə hesablanmalıdır ki, əgər dondurmanın tərkibində quru maddənin həcmi aşağıdırsa onun yerini su tutmuş olacaq. Bu zaman donmuş su kristallarına çevrilir ki, bu da həm uşaqlar, həm də böyüklər üçün çox təhlükəlidir. Çünki donmuş su kristalları yuxarı tənəffüs yollarının kəskin respirator iltihabı ilə nəticələnir".
 
İmran Abdulayevin sözlərinə görə tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verilməlidir.
 
5 saylı şəhər kliniki xəstəxanasının həkim-qastroenteroloqu Gülnarə Həmidova deyir ki, yay aylarında ümumiyyətlə sərinləşdirici içkilər və dondurma qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Çünki yay aylarında yağlı yeməkdən sonra sərinləşdirici içkilər və dondurmaların qəbulu mədəaltı vəzin funksiyasının pozulmasına, həm də bağırsaq infeksiyalarının artmasına səbəb olur.
 
"Eyni zamanda bağırsaqda soyuqdəymələrin əmələ gəlməsinə səbəb olur. Xüsusilə dondurma alarkən onun buraxılış tarixinə fikir vermək lazımdır. Yay aylarında bizə dondurmadan zəhərlənmə halı ilə müraciət edənlər çox olur. Bundan başqa vaxtı keçmiş bu qidanın qəbulundan sonra bağırsaq infeksiyasına yoluxanlar da olur. Dondurmalar süd məhsulları qrupuna aid olduğu üçün alınan zaman onun tarixinə diqqət etmək lazımdır. Xüsusən də uşaqların dondurmaya olan meylini nəzərə alıb, onlara daha diqqətlə yanaşmaq lazımdır".
 
Gülnarə Həmidova bildirib ki, uşaqların dondurmanı 6 yaşdan sonra yeməsi daha yaxşı olar. Bundan başqa uşaqlara dondurmanın əsasən kokteyl şəklində verilməsi daha çox tövsiyə edilir. Mütəxəssis deyir ki, artıq çəkisi olan xanımlar yüksək kalorili olduğu üçün özlərini dondurmadan məhrum edirlər. Əgər belədirsə, o zaman xanımlar həftədə 2 porsiyadan çox dondurma yeməməli, tox qarına yeməməli, dondurma yeyəndən sonra üzərində soyuq su içməməli, boğazın həssaslığını qorumaq üçün dondurma yedikdən sonra 1 fincan ilıq su içməlidir.
 
"Dondurmanın tərkibində yüksək yağlılıq dərəcəsi olduğu üçün onu yağlı qidalarla birlikdə qəbul etmək məqsədəuyğun deyil. Bu oturaq həyat tərzi keçirən insanlarda, yayda idmanla məşğul olmayan insanlarda piylənmənin artmasına gətirib çıxarır. Ümumiyyətlə bir dondurmadan artıq yeməmək məsləhətlidir. Çünki nə qədər çox qəbul etsən, o qədər fəsadla üzləşə bilərsən".
 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mövzu ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
 
Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verin. Dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərilməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan isə ümumiyyətlə çəkinin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

APA TV

Oxşar yazılar