Diplomat övladları üçün təhsil haqqı ödəniləcək – QƏRAR
28 dekabr 2013 12:57 (UTC +04:00)

Diplomat övladları üçün təhsil haqqı ödəniləcək – QƏRAR

Baş nazir Artur Rasizadə “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qərarda qeyd olunur ki, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərti ilə ödəniləcək.

Diplomatik nümayəndəliklərin rəhbərlərinin himayəsində olan məktəbyaşlı uşaqların təhsil haqqı isə diplomatik nümayəndəliyin yerləşdiyi ölkənin müvafiq təhsil müəssisəsi tərəfindən təqdim edilmiş sənədlər  əsasında ödəniləcək.

Qərara əsasən, diplomatik nümayəndəliklərin balansında olan Azərbaycan Respublikasına məxsus binalar və əmlak yanğın, partlayış, təbii fəlakət, oğurluq, soyğunçuluq, həmçinin istilik sistemi, su kəməri və kanalizasiya şəbəkəsində baş vermiş qəza, o cümlədən nəqliyyat vasitələri yol-nəqliyyat hadisəsi, yanğın, partlayış, oğurluq və oğurluğa cəhd risklərindən sığortalanacaq.

Qərarda qeyd olunur ki, diplomatik nümayəndəliklərin rəhbərləri qeyd olunan risklərin sığortası, həmçinin nümayəndəliyin yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən müvafiq icbari sığorta növləri üzrə sığorta müqavilələrinin bağlanılmasının təmin edilməsinə görə şəxsən məsuliyyət daşıyacaqlar.

Sığorta müqaviləsi Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra imzalanır. Sığorta haqlarının ödənilməsi üçün tələb olunan vəsaitlər diplomatik nümayəndəliklərin xərclər smetasında müvafiq təsdiqedici sənədlər əsasında nəzərdə tutulur.

Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qərardan irəli gələn məsələləri Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi həll edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar