DİN komputer mağazalarında qəfil yoxlama keçirib
27 dekabr 2013 11:06 (UTC +04:00)

DİN komputer mağazalarında qəfil yoxlama keçirib

Azərbaycanda 10 kompüterdən 9-u pirat proqram təminatı ilə yüklənib

 

Azərbaycanda ilk dəfə olaraq milli və beynəlxalq əqli mülkiyyət hüquqlarının qorunmasına dair qanunvericiliyin tələblərinə riayət etmək məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı şəhərində kompüter satış mağazasında  gözlənilməz yoxlama keçirilib. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. 

 

Yoxlama zamanı bir neçə sənədsiz şübhəli proqram təminatları aşkarlanaraq istintaq zamanı sübut kimi istifadə edilmək üçün götürülüb. Bakıda kompüterlərin satışı ilə məşğul olan mağazada aparılan yoxlama “piratçılıq” kimi tanınan qanunsuz lisenziya proqram təminatlarının satışının mövcudluğunu müəyyən edib.

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlıqla mübarizə proqramı çərçivəsində keçirilən yeni proqram təminatı yoxlamaları dövlət qurumlarının proqram təminatı istifadəçilərini, yerli biznes strukturlarını və həmçinin müəlliflik və əqli mülkiyyət hüquqlarının müəlliflərinin zərərli pirat proqram təminatlarından qorunmasına dair görülən tədbirdir.

 

Qeyd edək ki, Beynəlxalq Məlumat Korporasiyasının (“International Data Corporation”) keçirdiyi araşdırmalara əsasən, Azərbaycanda proqram təminatları “piratçılığı” təxminən 87% səviyyəsindədir. Bu isə təxminən hər 10 kompüterdən 9-nun pirat proqram təminatı ilə yüklənməsi  deməkdir. Bundan əlavə, lisenziyasız proqram təminatlarından istifadə müxtəlif zərərli və casus proqramlara qarşı informasiya təhlükəsizliyini təmin edə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1727

Oxşar yazılar