Dənizə gedənlər bunu mütləq oxusun
Suya tullandığına görə travma alanların sayı artıb.
e-tibb.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Neyrocərrahiyyə kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İsgəndərov ATU-nun mətbuat xidmətinə deyib: "Hər il yay aylarında çimərlik mövsümü ilə əlaqədar boyun travmaları artır. Səbəb də insanları suya - çaya, dənizə, hovuza və s. başı üzərindən tullanmasıdır".
Cəmil İskəndərov bildirib ki, yay mövsümündə məhz bu səbəbdən yaranan travmalarla həkimə müraciət edənlərin sayı çoxalır: “Bu günlərdə bu səbəbdən travma alan növbəti xəstəni əməliyyat etmişik. Onurğa beyni tam zədələnmədiyindən və erkən dövrdə əməliyyat olunduğundan, xəstəmiz normal həyatına dönə bildi. Amma təəssüf ki, heç də həmişə belə nəticə almaq olmur. Ani əyləncə naminə ağır boyun travması yaşana bilər. İnsan ömürlük yataqda qala bilər və ya əlil arabasında həyatını davam etdirməyə məcbur ola bilər. Bu cür tullanış peşəkar olmayanlar üçün yolverilməzdir”.
C.İskəndərov hər kəsi diqqətli olmağa, bu cür əyləncələrə uyub həyatını çətinləşdirməməyə çağırır.
941