Daşkəsəndə mövcud olan tibb ştatlarının 31 faizi boşdur. Daşkəsən Mərkəzi rayon Xəstəxananın baş həkimi Mirzəkərim Tağıyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, hazırda rayonda 145 tibb işçisi yeri boşdur. Onlardan 60-ı müxtəlif sahələr üzrə olmaqla həkim, 85-i isə orta tibb işçisidir. Müsahib bildirib ki, kadr çatışmazlığı rayonun ucqar kəndləri ilə yanaşı rayon mərkəzində də var: “Rayon xəstəxanasında 5 şöbə müdiri yeri boşdur. Gəlib işləmək istəyən yoxdur. Bakıdan cərrah dəvət edirik ki, gəlib əməliyyatlar aparsınlar. Gəncədən də digər həkimlər gəlib əhalini müayinə və müalicə edirlər”.
M.Tağıyev həkim çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verildiyin bildirib. Daşkəsəndə 23 tibb, 5 həkim ambulator məntəqə, 2 ədəd 15 çarpayılıq və bir mərkəzi xəstəxana var. Ümumilikdə rayonda 317 tibb işçisi çalışır.