Çürüyən uşaqların vəziyyətlərində yaxşılaşma müşahidə edilir
25 sentyabr 2013 17:46 (UTC +04:00)

Çürüyən uşaqların vəziyyətlərində yaxşılaşma müşahidə edilir

“Hazırda Akif Məmmədov və bacısı Dilarə Məmmədovanın vəziyyətləri yaxşılaşmağa doğru gedir. Dispanserimizə daxil olan vəziyyətlə müqayisədə onların vəziyyətlərində yaxşılığa doğru irəliləyişlər müşahidə edilir”. Lent.az-ın Hafta.az-a istinadən xəbərinə görə, bu barədə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinin həkimi Rəna Əliyeva məlumat verib. 

 


R. Əliyeva bildirib ki, A. Məmmədov və D. Məmmədova bulyoz-epidermoliz xəstəliyindən əziyyət çəkirlər. Onun sözlərinə görə, qardaş və bacının xəstəliyi irsidir. Xəstələrin mütəxəssislər tərəfindən tam müayinə olunduğunu deyən R.Əliyeva bildirib ki, həkimlər tərəfindən zəruri təyinat yazılıb və bu təyinat üzrə müalicə aparılır: “Artıq yavaş-yavaş eroziyalar bağlanır. Düzdü, yeni qovuqlar çıxır, amma çox azdır. Yəni əvvəlki vəziyyətlə müqayisədə qovuqlar tək-tək çıxır. Yeni qovuqlar çıxmalıdır, çünki xəstəlik irsidir və onun əlamətləri belədir. Hər gün zəruri tədbirlərimiz davam etdirilir. Əlimizdən gələni edirik”. 

 


R. Əliyeva Türkiyənin İzmir şəhərindən dəvət edilən professorun nə vaxt gələcəyinə də aydınlıq gətirib: “Tez-tez əlaqə saxlayırıq. Bizə verilən son məlumata görə, həkim Bakıya sentyabrın sonu və ya oktyabrın əvvəllərində gələcək. Türkiyəli professorun nə vaxt gələcəyi tarix hələlik dəqiq məlum deyil”. 

 


Qeyd edək ki, Ağdam rayon sakinləri olan 14 yaşlı Akif Məmmədov və 4 yaşlı bacısı Dilarə Məmmədova bulyoz- epidermoliz xəstəliyindən əziyyət çəkirlər. Uzun müddətdir ki, bu xəstəliyə düçar olan qardaş və bacı sentyabrın 4-də 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə köçürülüb. Həkim-mütəxəssislər bulyoz- epidermolizin irsi xəstəlik olduğunu deyir və bildirirlər ki, bu xəstəlikdən tam sağalma ehtimalları yoxdur.

# 1716
avatar

Oxşar yazılar