Çexiyanın Praqa Karls Universitetinin rektoru, professor Vatslav Hampl və universitetin elm və yaradıcılıq fəaliyyəti üzrə prorektoru, professor Petr Volf Bakı Ali Neft Məktəbində (BANM) olublar. Məktəbin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov BANM-in Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının yerinə yetirilməsi üçün yeni yaradılmış ali təhsil müəssisəsi olduğunu bildirib, fəaliyyətinin 2 ili ərzində məktəbin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində lider olduğunu, mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirildiyini, məzunlara 2 diplom veriləcəyini və təhsil müəssisəsi üçün yeni kampus tikildiyini vurğulayıb.
Rektor BANM-in Karls Universiteti və Çexiyanın digər universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu bildirib.
BANM-ə dəvət olunduğuna görə minnətdarlığını bildirən professor Vatslav Hampl müasir tipli ali məktəbin yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıb, rəhbərlik etdiyi universitetlə kimya, geologiya, geofizika sahələrində təhsillə bağlı əməkdaşlığın mümkün olduğunu və BANM-in Çexiyanın digər mühəndis hazırlayan universitetləri ilə əlaqələrinin qurulmasında yardım göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda qonağa BANM-in “Fəxri qonaq diplomu” təqdim edilib.