İslamda ilin ayları arasında Ramazan ayı müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan “Qurani-Kərim” nazil olub.
Qədir gecəsi
Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. “Qədir” surəsində yazılıb ki, “bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-nə təsadüf edir.
Müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl edib, hilalı görəndə oruclarını başa vurublar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul ediblər. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrü sayılır. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olub. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. İslam qaydalarına əsasən, yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olunub, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişib. Orucluq bayramı Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, dövlət səviyyəsində qeyd olunmağa başlayıb.
Oruc tutmağın qaydası, qəzası...
“Qurani-Kərim”də yazılır ki, “sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”. Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Yayın şərtləri
Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) 2013- cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb. Hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyulun 10-na təsadüf edir. İyulun 9-u isə orucluğun niyyət gecəsidir. Ramazan ayı 30 gün olacaq. Ramazan – Fitrə bayramı miladi təqvimi ilə avqustun 9-u və ya 10-na düşür. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir. Bir sözlə, orucluq bu il isti yay günlərinə təsadüf edir. Bəs belə günlərdə oruc tutarkən hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır?
Həkimlər məsləhət görür ki, orqanizmdəki maye itkisini bərpa etmək üçün oruc tutanlar hər gün imsaqda (obaşdan) və iftarda mümkün qədər çox su içsinlər. Gün ərzində susuzluğu çox hiss etməmək üçün iftardan imsaqadək hər bir saatda 1-2 stəkan su içmək faydalıdır. Əgər su içməyə həvəs yoxdursa, digər yollara əl atmaq olar. Bunun üçün 1 litr suyun içinə təzə meyvə (çiyələk, alma, limon dilimi, nanə yarpağı) atmaq olar. Havanın isti olması iştahın azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir. Hər gün səhər yeməyi (sahur və ya imsaq) yemək vacibdir. Səhər yeməyində süfrəyə az yağlı pendir, yarıbişmiş yumurta, pomidor, bibər qoymaq lazımdır. Oruc tutarkən xüsusən yumurta yemək və süd içmək məsləhətdir. Çünki yumurtada kalori miqdarı çoxdur və yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir.
Daha çox sulu yeməklərə həvəs göstərilməli, qatıq, ayran kimi ağartı məhsullarından istifadə olunmalıdır. Ramazan ayında iftardan 2 saat sonra yarım saatlıq gəzinti orqanizmdə maddələr mübadiləsinin normallaşmasına kömək edir. İmsaq vaxtı isə 2-3 ədəd qoz yeyilsə, bu, insanı daha çox tox saxlayar. İmsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir. Xüsusən də sulu meyvələr insanın gün ərzində susuzluğunun qarşısını almağa kömək edər. Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir.
İftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar. Əks təqdirdə təzyiqin qalxması və mədə ağrıları yarana bilər. Həkimlər xəstə insanlara, əsasən böyrək və qaraciyər, həmçinin şəkər və ürək-damar xəstələrinə daha diqqətli olmağı, Ramazan ayı başlamazdan öncə həkimə müraciət etməyi və orucun onlar üçün təhlükəli olub-olmayacağını öyrənməli olduqlarını vurğulayırlar.
Qafqaz Müsəlmanları İdarəsi isə bildirir ki, belə isti günlərdə oruc tutan insanların duş qəbul etməsi, əl-üzünü yuması orucu batil etməz. Ancaq müəyyən şərtlər var. Tutaq ki, dənizdə, hovuzda çimmək olar, bir şərtlə ki, baş suya girməsin. Ağızı da yaxalamaq olar, amma çalışmaq lazımdır ki, bu, gün ərzində bir dəfədən artıq edilməsin və su boğaza getməsin.