Cəhənnəmdə şərqi deyənlər – HƏYAT DRAMI
11 dekabr 2013 16:08 (UTC +04:00)

Cəhənnəmdə şərqi deyənlər – HƏYAT DRAMI

“Buradı?”  Betondan dörd divar, şifersiz dam və sellofanlı pəncərələr. Dəhliz kimi bir yerdən keçib evə daxil oluruq. Yağış suyundan islanıb şişmiş taxta tavan, divarları torpaqla suvanmış balaca otaq. Və bu evdə böyüyən beş körpə, solğun baxışlar.

Baxın! Lütfən şəkildəki bu uşaqların üzünə diqqətlə baxın. Hər birinin üzü, baxışları ayrıca bir hekayədi, roman mövzusudu. Balaca çarpayısına büzüşüb mışıl-mışıl yatan bu körpəni görürsünüzmü? Acdır, toxdur, bilmədik. Bircə onu bildik: Bakıdan çox yox, 90 km aralıda bir ailə yaşayır, ac-yalavac, 7 nəfərlik bir ailə. Bu ailədə 5 uşaq böyüyür, ac-yalavac uşaqlar. Bayramın nə olduğunu ancaq televizordan bilən, görən, anlayan bu uşaqlar, Qurbanzadələrin hekayəsini danışacağıq sizlərə...

 

***

 

 

- Bayram? Bacı, kasıbın qarnı tox olanda bayramdı. Bayram bizlik deyil. Cəmi bir dəfə bayramı keçirmişik, o da birinci uşaq olanda. Ondan bəri mən balalarıma bayram süfrəsi aça bilməmişəm. Yunisdən sonrakılar bayramın nə olduğunu ancaq televizorda görüblər.

 

Yusif Qurbanzadənin ailəsi Siyəzənin Həmyə kəndində yaşayır. İlahəylə bir-birlərini sevib evləniblər. İmkansızlıqdan özünə bir toy da çaldıra bilməyən Yusif üç ildir ki, külfəti ilə bu evə köçüb. Ev deyəndə, şəkildə gördüyünüz bu daxmaya...Yusif hər söhbətdə bura “ev” deyəndə, qeyri-ixtiyari ətrafa bir də göz gəzdirirəm. Az qalsın külək bərk əsəndə tərpənən torpaqdan divar, burnu cırıq ayaqqabı kimi aralı qalan qapı. Və bu evdə böyüyən beş uşaq. Yunisin doqquz, İbrahimin yeddi, Kənanın altı, Sənanın isə dörd, Sübhanın isə fevralda iki yaşı tamam olacaq.

 

- Üç il əvvəl anamın köməkliyi ilə buranı almışıq. Evi alandan dam örtüyü yoxdu. Yağış yağanda yer su olur. Damdan, divarlardan su axır. Uşaqları bir yatağın üstünə yığıb üstlərini adyalla örtürük ki, üşüməsinlər. Eh, nə zülmlə böyüdürük bu uşaqları. Keçən dəfə Sənan elə xəstələnmişdi ki, öskürəndə ağzından qan gəldi. Güclə çatdırdıq həkimə. Necə soyuq dəyibsə, boğazının kapilyar damarımı, nəyimi partlayıb. Şükür, qorxduğumuz şey çıxmadı.

 

Yusifi bayırdan çağırırlar. İlahəylə baş-başa qalırıq.

 

 

- Birinci övladımız oğlan olunca, bir dənə də qızımız olsun istədik. Hər dəfə qız olar deyə ümid etdik. Bir də baxdıq ki, beş oğlumuz olub. Çox adam bizə bu sualı verir. “Baxa bilmirsizsə, niyə bu qədər uşağı dünyaya gətirirsiz?” . “Allah verən paydı” dedik. Bilmirəm. Bəlkə də bu uşaqlara bu həyatı yaşatmaqla ən böyük günahı edirik. Nə bilim.

 

Deyir və dünyanın ən pis işini tutmuş kimi gözlərini gizlədir. Gözləri evin uçuq tavanına zillənib. Nimdaş döşəkdə yatmış İbrahimin öskürək səsi İlahənin diqqətini dağıdır. İbrahimin yanına gedir. Əliylə alnını yoxlayır.

 

- Şükür Allaha, qızdırması yoxdu. Yazıq qaynanam bir ucdan dərman daşıyır. Sağalmırlar ki, sağalmırlar. Öskürək adamın canına düşdü, çıxmaq bilmir. Hər il qışı belə olurlar. Biri sağalır, o biri xəstələnir. İcra başçısına da müraciət etmişik. Etibar müəllim, Cəfər müəllim gəlib evə baxdılar, “lap ürəyimiz ağrıdı bu yaşayışa” deyib getdilər.  Amma heç bir kömək etmədilər. Siyəzəndə bir neçə məktəbin dam örtüyü yenilənib. Mən də dedim ki, ürəyiniz ağrımaqdansa, köhnə şiferlərdən on-on beş dənəsini verin evimizin damına vuraq. Yağış yağanda bilmirik uşağı harada saxlayaq ki, islanmasınlar. Elə o gedən gediblər. Neçə aydı onlardan səs-soraq yoxdu. Bu evdə beş uşaq böyüyür, maraqlanmırlar. Amma on səkkiz yaşı tamam olanda kimi gəlib əsgər aparacaqlar. Biz isə bu kasıb halımla qapımdakı köpəkləri də, pişikləri də bəsləyirik. Beş uşağımız var, altı itimiz, bir pişiyimiz. Özümüz güclə çörək tapırıq. Bir qarın tox, bir qarın ac yaşayırıq. Amma onları bayıra atmarıq. Yazığımız gəlir. Bəs niyə bizə yardım da olsa edən yoxdu? Nə qədər müraciət etmək olar? Başçıya, yardım verilən yerə... Böyüyüblər, boya-başa çatıblar, heç birinin bircə oyuncağı da olmayıb (Kövrəlir). Elə bütün günü bunlarla – həyətdəki it-pişiyi göstərir oynayırlar.

 

 

Otaq əməllicə soyuqdur. Bayaqdan bəri sobadan əl çəkməyən dəcəl Sənan nə qədər odun qoysa da, ev isinmir.

 

- Pulla odun almağa gücümüz çatmır. Olur ki, meşədən daşıyırıq, bəzən də qonşular verir. Tək odun deyil ki...Uşaqlara pal-paltar, gücləri nəyə çatır verirlər. Bircə, evimizə qaz çəkilsəydi. Qaz idarəsində Sədaqət müəllimin yanına getdik. Elə bil uşaq aldadır, deyir evinizdə körpə uşaq var, bilməzlər qazı qurdalayarlar, partlayış olar. Başqa evlərdə uşaq yoxdur ki? Üzr istəyirəm, Sübhana hamiləydim. O vəziyyətdə belimdə meşədən odun daşıyırdım. Bir gün də yolda ağrılarım başladı. Özümü güclə evə çatdırdım. Nə yaxşı ki, uşaq sağ-salamat qaldı, yazıq balam (Yenə kövrəlir).

 

Bayaqdan bəri susub, söhbəti dinləyən Yusif dillənir.

 

- Özüm işləyə bilsəydim heç qoyardım ailəm bu zülmü çəksin? Mən bivec adam deyiləm. İndi də çalışıb ailəm üçün pul qazanıram. Amma mənim qazandığım qəpik-quruşla ev dolanmır. Uşaqlar böyüyür, istəkləri də onlarla bərabər. Yunis kompüter istəyir, İbrahim məktəbli çantası. Mənim imkanım isə onların qarınlarını belə doydurmağa yetmir. Xəcalət çəkirəm uşaqlarımın yanında. Hərdən onların üzünə baxıram. Görəsən, onları dünyaya gətirməklə düzgünmü etmişik deyə düşünürəm. Ayağım sındı. Yaxşı gipsə qoymadılar, düz bitişmədi. Özüm rəngsazam. İndi ayağıma görə, ağır iş görə bilmirəm. Keçən dəfə meşədən odun gətirəndə odunun ağırlığından yıxıldım arxa. Belim dəydi. Bir ay yataqda yatdım. Heç həkimə də gedə bilmədim. İndi də belimdə ağrılar qalıb. Arada xırda-para işlər olur, görürəm. Amma bu qazancla ailəni dolandırmaq olmur. Bu sosial yardım düzəlsəydi, bizə kömək olardı. Yardım almaq üçün bütün kağız-kuğuzu vermişəm. Bircə, qalıb iş yerimdən arayış. Əvvəlki iş yerimdən sosiala iki aylıq ödəyiblər, qalıb bir ayım. Onu da ödəmirlər ki, mənim sosial yardımım düzələ. Sosial düzəlsəydi, mənim üçün yaxşı olardı.

 

 

Bu vaxt İbrahim yenə öskürür. Yusif uşağa tərəf baxır və...

 

 

- Elə gün olur ki, uşaqları  yedizdirə bilmirik. Yoldaşım məndən heç nə istəmir. Bu vəziyyətimdə nə istəsin? Göz qabağındadı vəziyyətim, ona verə biləcəklərim. Yeni evlənən vaxtlar ona demişdim ki, oğlumuz olsa, sənə “komplekt” alacam. O vaxtdan bəri beş uşaq dünyaya gətirib. Mən isə bir dənə çöp belə ala bilməmişəm (Yusifin dolmuş gözlərinə baxmaq ağrılı idi). Özü də mərd qadındı. Hamıya deyir ki, mənim evimdə beş dənə “komplekt”im var. Nəyimə gərək süni qır-qızıl? Mənim varım balalarımdı. Məni pərt eləmir. Heç nəyimiz olmasa da, mehribançılığımız var.

 

Yusifin bu sözlərini eşidən İlahə dərindən köks ötürür.

 

- Biz özümüz dözürük. Amma uşaqlar “yoxdu” qanmır axı. “Ana, yemək al. Ana, qoğal al. Ana, paltar al”. Ala bilmirəm axı.  Yunislə İbrahim məktəbə gedirlər. Evdə görmədiklərini məktəbdə görürlər, istəyirlər. İmkansızlıqdan Yunisi internat məktəbinə qoymuşuq. Beşinci gün saat üçdə gəlir evə, birinci gün yenə gedir. Anayam, ürəyim dağlanır hər dəfə balam, “ana, mən də sizinlə qalmaq istəyirəm. Niyə məni burda qoyursan? Gəl, apar!” deyəndə. Uşaqlarım evdən gedəndə elə bilirəm hər şeyim onlarla gedir. Eh, bir deyil, iki deyil. Hansından danışım? Dərd o qədərdi ki... Yoldaşım xəstə olanda qonşular yanına gəlmişdilər. Yazıqlar gəlməklərinə peşman oldular. Divardan bir lay suvaq düşdü birinin başına. Başı yarıldı. Onlar bir saatlıq gəlib getdilər. İndi təsəvvür edin, bu şəraitdə biz beş uşaq böyüdürük. Kim əmin edə bilər ki, sabah o suvaq parçası uşaqlardan birinin başına düşməyəcək.

 

Səsi qəhərlənir və köynəyinin qoluyla göz yaşlarını silir. Nə qədər səfalət içində, cəhənnəm əzabıyla yaşasalar da, Yusifin İlahəni qaçırdığı o günü xatırlayıb gülürlər. Bu günlərinə şükür edib, sabaha ümidlə yaşayırlar. Uşaqlar isə...Uşaqlar isə bizimçün bir mahnı da oxuyur...

 

Bu vaxt Sübhan şirin yuxusundan ayılır. Anasının qucağında diqqətlə bizə baxır, baxır... Birdən birə başlayır ağlamağa. Bəlkə bizi tanımadı ağladı. Bəlkə acıydı? Kim bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4297
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar