Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylardakı vəziyyəti açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-200, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında 50-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, yanvarın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 135 m3/s və ongünlük normanın 83 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunsa da, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib.