<b>Canavar qorxusu, çıraq közərtisi, göylərə aparan tüstü yolu – </b><span style="color:red;">FOTOREPORTAJ
09 yanvar 2018 11:00 (UTC +04:00)

Canavar qorxusu, çıraq közərtisi, göylərə aparan tüstü yolu – FOTOREPORTAJ

Üzü qışlaqlara sarı Qobustan dağlarına qalxırıq. Maşınımız torpaq yolda ləngər vura-vura qışlağa yaxınlaşır. Gedəcəyimiz yataq boz təpənin ətəyində yerləşir. Taxıl zəmilərini ötüb, qışlağa çatırıq. Toyuq-cücə torpaqda dənlənir, 100 metr aralıda isə qoyun sürüsü otlayır. Kənardan sahibsiz görünən sürünü çoban itləri qoruyur. Sonradan öyrəndik ki, bunlar sürü ilə ayaqlaşmayan qoca, xəstə və tənbəl heyvanlardır.

Yad maşının gəldiyini görən it yatdığı yerdən başını qaldırıb, bizə baxır. Sahibi gəlmədən maşından düşməyimizin təhlükəli olduğunu bildiyimizdən kimsənin yaxınlaşmağını gözləyirik. Bir nəfər mal damından çıxıb itə təpinir və bizə tərəf gəlir.

***

 

Adilin 46 yaşı var. 18 yaşından çobanlıq edir. 2002-ci ildə ailəsi ilə birgə bu yatağa köçüb. Artıq çobanlıq etmir, yatağa nəzarət edir.

 

- Buralar boş ərazi idi. Bir il əvvəl evləri tikib, sonra köçdük. 2 qızım, 1 oğlum var.

- Uşaqlarınız məktəbə hara gedirlər?

 

- Müşviqabad qəsəbəsinə.

 

- Hər gün Müşviqabada gedib-gəlirlər?

 

- Yoo, qəsəbədə evim var. Oğlum anamla qalır. 10-cu sinifdə oxuyur.

 

- Bəs qızlar?

 

- Yanımdadır.

 

- Onda məktəbə getmirlər.

 

- Yox. Böyüyün yaşı düşmür. 17 yaşı var.

 

- Bəs kiçik?

 

- (Gülür) Yer yoxdur.

- Qəsəbədə eviniz var axı. Qardaşı ilə məktəbə gedə bilər.

 

- Anam ancaq bir uşağa baxa bilər. Qızlar əvvəldən oxumadı, oğlan oxudu.

 

***

 

Gözdən uzaq, könüldən iraq bu yerdə nə su var, nə işıq, nə də ki, qaz. Həftədə bir dəfə maşınla su alırlar. Kişilər hər səhər sürünü örüşə aparır, bir də axşam hava tam qaralmadan geri dönürlər. Qadınlar isə ev işləri ilə yanaşı heyvanları sağır, südündən-qatığından yağ, pendir, şor hazırlayırlar.

Çobanlar qışlağa oktyabrda köçür, ta maya kimi burada qalırlar. Yayda Şamaxı yaylağına - Yəhərcəyə köçürlər. Yataqda 6 ailədə ümumi 30 nəfər yaşayır. Sürüdə 40-a yaxın iri buynuzlu mal-qara, 800 baş qoyun var. Ətraf meşəlik olduğundan çobanların əsas qorxusu canavar hücumlarıdır. Hücumların qarşısını isə qorxmaz çoban itləri alır.

Qar olmasa da havada ayaz var. Evlərin bacasından çıxan tüstü göylərə yol çəkir. Hər evin qapısının ağzında təzək qalaqlanıb. Qızılgül xala təzəkdən ocaq qalayıb, yuxa yayır. Tüstüdən göz-gözü görmür. Deyir, bir külfət ailəsi var, hər 3 gündən bir bişirir. Şəhərdə yaşasaydılar, bu qədər yeyilməzdi, dağ havası iştahanı açır.

 

Doğrudan da açırmış. İsti lavaşın ətri aclığımızı xatırladır. Fotoqrafımız Nicatla ocağın ətrafında tüstü gözümüzü, sacdan yeni düşmüş lavaş barmaqlarımızı yandıra-yandıra nahar edirik...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar