Ötən ilin oktyabr ayından başlayan Ümrə ziyarəti mövsümü Ramazan ayından sonra başa çatacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazandan sonra Ümrə sistemini bağlayır və Həcc sistemini açaraq hazırlıqlara başlayır.
QMİ-dən o da bildirilib ki, hazırda Ümrə ziyarətlərinin təşkili davam edir: “QMİ xətti ilə Ümrə ziyarətinə növbəti zəvvar qrupu aprelin 22-də yola düşəcək. Ziyarətlər Ramazan ayında da davam edəcək. Ramazanda təşkil olunan ziyarətlərin qiyməti indiki ilə müqayisədə nisbətən baha olur”.
QMİ xətti ilə Ümrə ziyarətlərinə gedən zəvvarlar üçün bu il 1250 dollar təyin olunub. Bu qiymətə yüksək səviyyəli xidmət təşkil olunur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətlərinə təkrar gedən şəxslər üçün bir neçə il öncə tətbiq etdiyi əlavə rüsumun ödənilməsi qaydası qüvvədədidir. Belə ki, ziyarətə təkrar gedən zəvvarlar tətbiq olunmuş məbləğdən əlavə 2000 rial (535 dollar) əlavə rüsum ödəməli olurlar. Məsələn, ötən il Azərbaycandan Həcc ziyarətinə gedənlər arasında 50 nəfərə yaxın zəvvar təkrar getdiyi üçün əlavə rüsum ödəməli olub.