“Son illər Azərbaycanda strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Onun sözlərinə görə, 2013-cü ildə 30,1 ton qan tədarük edilib. Nazir müavini qeyd edib ki, hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. “Qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində talassemiya və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilib. Bu xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb, onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.
Əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur”.
Nazir müavini qeyd edib ki, səhiyyənin digər sahələrinin də dövlət proqramları ilə əhatəsi genişlənir. Belə ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılmasına şərait yaradıb: “Dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb, onların Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində müayinəsi təşkil edilib və 2013-cü ildən etibarən bu xəstələrin ilk dəfə olaraq yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunmasına başlanılıb.
Qeyd olunanlardan əlavə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya” layihələri hazırlanıb.
E. Ağayev onu da bildirib ki, səhiyyənin digər vacib sahələrindən olan onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illəri əhatə edən dövlət proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilib.