1 tibb işçisi barədə isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi qaldırılıb
Bu il Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən elektron xidmət vasitəsilə 1566 müraciət daxil olub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə nazirliyin 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb.
Kollegiyada bildirilib ki, “Təhsil haqqında” qanuna uyğun olaraq 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunub.
2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-ə çatdırılmışdır. 2013-cü ildə 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olub.
Tibb işçilərinin sertifikasiyası 2013-cü ildə də davam etdirilib və il ərzində 4-dək həkim və 6 minə yaxın orta tibb işçisi sertifikat alıb.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na əsasən 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılıb. Aprel ayından başlayaraq keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub.