Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslərdir.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün ölkənin sosial təminat sisteminin mühüm bir istiqaməti də məhz bu təbəqədən olan insanlara yönəlib. Belə ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Ölkədə əmək pensiyaçılarının da 28,8 %-i əlilliyə görə əmək pensiyası alanlardır və 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım özünü göstərib.
ƏƏSMN-nin xətti ilə Prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay Prezident təqaüdünün təyin olunmasına başlanılıb.
Nazirlik bildirir ki, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulanların avtomobillə təminatı başa çatdırılaraq, 2014-cü il ərzində növbəyə dayananlara avtomobillərin verilməsinə başlanılıb. Ümumilikdə keçən il və cari ilin ötən dövründə bu təbəqələrdən olan 1933 nəfər şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib ki, bu da indiyədək avtomobillə təmin edilən əlilliyi olan şəxslərin 33,6 faizini təşkil edir.
Bu ilin ötən dövründə artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib və hazırda Bakıda, ölkənin bölgələrində həmin şəxslər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Qeyd edək ki, Nazirliyin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur.
Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə saxlanılır. Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ötən illə müqayisədə 64,6 faiz çoxdur.
Respublikamızda əlilliyi olan insanların peşə reabilitasiyası sahəsində işlərin davamı kimi, cari ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə müasir tələblərə cavab verən maddi-texniki bazanın formalaşmasında mühüm rol oynayıb. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Son illərdə Fondun dəstəyi ilə gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb. Fond həmçinin nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasını təmin edib.
Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların idman tədbirlərində iştirakı, sosial-məişət problemlərinin həlli, sağlamlıq-istirahət mərkəzlərində istirahəti və digər sahələrdə də məqsədyönlü tədbirlər həyata keçirilir. Həmçinin əmək və məşğulluq sahəsində milli qanunvericilik aktlarında əlilliyi olan şəxslərlə bağlı bir sıra güzəşt və imtiyazlar əksini tapıb.
Ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin mütərəqqi dünya təcrübəsi, habelə BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasının prinsipləri əsasında təkmilləşdirilməsi aparılan siyasətin əsas hədəflərindən biridir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi, həmçinin «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi hazırlanaraq, geniş ictimai müzakirə şəraitində xeyli təkmilləşdirilib.
Ümumiyyətlə, Azərbaycan həmin Konvensiya ilə bağlı üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. Bu sahədə ölkəmizdə görülən işlərə dair respublika hökumətinin hesabatı, həmçinin hazırlanan yeni qanunvericilik layihələri ötən ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında yüksək dəyərləndirilib.