Novruz bayramına gedən yolda bu gün sonuncu ilaxır çərşənbə olan Topraq çərşənbəsi qeyd olunur.
Torpaq çərşənbəsi torpağın oyanması, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbədə tonqal qalanması, plov hazırlanması, səməni, xonça, qulaq falı, şam yandırma, bayramlaşma, fala baxma kimi adətlər var.
Xalq inancına görə torpaq çərşənbəsindən sonra torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir.
Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər.
Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib: “Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi” , - deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi.
Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir.
Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha coşğulu keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.
Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir.
Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbəyə yekun vurur. Köhnə ilin yola salınması və yeni ilin qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunub.
Buna görə də axır çərşənbə xalqımız tərəfindən daha böyük sevinclə qeyd olunur.
Lent.az kollektivi olaraq xalqımızı əziz bayram münasibətilə təbrik edirik!