Dekabrın 11-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. RİH-dən APA-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, deputatlar Madər Musayev, Rafael Cəbrayılov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev, RİH başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Heydər Əliyevə həsr olunmuş, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr edilmiş kitablara baxış keçirilib. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı nəşr olunmuş kitablar haqqında məlumat verib. Sonra YAP Binəqədi Rayon Təşkilatının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül qoyulub.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı akt zalında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “Nurlu ömrün anları” bədii kompozisiyasının nümayişi ilə davam etdirilib. Tədbir iştirakçılarına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin müəllifi olduğu və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan 264 ədəd “Müstəqil vətənin memarı” poeması kitabı və İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifa etdiyi “Qurtuluş dastanı” tamaşasının 100 ədəd diski təqdim edilib.