“İtalyanların qısqanclığı tarixi həqiqətin ortaya çıxmasına mane olub ”.
İtaliyan faşizminin banisi, ikinci dünya müharibəsi ərəfəsində baş nazir olmuş diktator və nəhayət, Hitlerin yaxın dostu Benito Mussolininin həbsi və sevgilisi Klara ilə birgə güllələnib asılması ilə bağlı elə o vaxtdan müxtəlif versiyalar var idi.
Bir çox tarixçilər və hadisənin şahidləri deyir ki, diktatoru ingilis əsgərləri tutaraq güllələyiblər, digərləri isə deyir ki, onu və xanımını İtalyan partizanları ələ keçirib və qətlə yetiriblər...
Hər kəsin də öz həqiqəti, öz faktları var. Amma Lent. az əməkdaşının həmsöhbəti Böyük Vətən Müharibəsi veteranı Bəyiş kişinin öz həqiqəti var...
Nəbiyev Bəyiş Abbas oğlu 1925-ci ildə Cəbrayılın Qaracalılı kəndində doğulub. 1943-cü ilin yanvarında hərbi xidmətə çağırılıb. Şimali Qafqazda, Orcakinidze şəhərində 416-cı Taqanroq diviziyasında təlimlərdə olub. Dörd ay təlimdən sonra onları cəbhəyə göndəriblər. Dördüncü Ukrayna cəbhəsində alamanlara qarşı döyüşüb. Dnepr çayı, Bolşoya Kamenka və Bolşoya Beleozavka şəhərləri ətrafında beş ay ağır döyüşlərdə iştirak edib. Elə oradaca xəyanət nəticəsində sovet qoşunlarının böyük bir hissəsi düşmənə əsir düşür, Bəyiş kişi də.
Səkkiz ay əsir düşərgələrində olub.
Əsirlikdə olanda Məmmədəmin Rəsulzadə və Fətəli xan Düdənginski ilə görüşüb.
Əsirlikdən taleyin təsadüfü nəticəsində sağ-salamata qurtararaq İtaliyada partizanlara qoşulur.
Deyir ki, Mussolinini onun yanında azərbaycanlı balası, əslən Qazaxdan olan Vilayət Hüseynov tutub, sonra isə italyanlar güllələyiblər:
“1945-ci il, aprelin son günləri biz almanları və Mussolininin tərəfdaşlarını, almanları İsveçrə sərhədinə tərəf sıxışdırdıq. Xəbər gəldi ki, Mussolini İtaliyanı tərk etməyib, buralarda gizlənir. Hər tərəfdə onu axtarırdılar. 1945-ci il, aprelin 27-si komandanlıqdan bizə dedilər ki, bu gecə Mussolinini sağ-salamat tutmaq üçün “Qara bəbir” adlı xüsusi bir əməliyyat keçiriləcək. Biz Po çayından ayrılmış bir dərin kanal var - İtalyanın bir hissəsini suvarırdı - oranı mühasirəyə alıb, kanalın sol tərəfində gözləyirdik. İtalyanlar isə kanalın sağ tərəfində idi. Səhərə yaxın, artıq hava işıqlanmışdı. Birdən sağ tərəfdən kolun arxasından kimsə çıxıb bir göz qırpımında kanala tullandı. Mussolini idi...Bir elə millətdən heç kəs cəsarət edib onu tutmaq üçün çaya atılmadı. O isə sürətlə üzə-üzə, ilan kimi şütüyüb bizdən uzaqlaşırdı. Azərbaycanlı silahdaşım, əslən Qazax rayonundan olan Vilayət Hüseynov dərhal kanala tullandı və suyun altında yox oldu. Hamı diqqətlə baxırdı, amma Vilayət görünmürdü. Elə bildik ki, ta Vilayət batdı. Ancaq bir qədər sonra o, Mussolininin düz arxasında suyun altından çıxdı. Əli ilə Mussolininin boynundan yapışıb onu sahilə tərəf çəkməyə başladı. Sahilə çıxanda partizanlar Mussolininin tutdular. Orada Vilayətin bir ayağı suda, bir ayağı quruda şəklini çəkdilər. O şəkildə mən də düşmüşəm. Mussolini xanımını və 12-13 yaşlı bir qız uşağı da gətirdilər. Haradasa yarım saat onların görüşməsinə vaxt verdilər. Sonra dedilər ki, aparırıq dindirməyə. Həmin günü biz dincəlmək üçün qayıtdıq qərargaha. Səhəri gün gələndə gördük artıq onu və xanımını güllələyib asıblar. İtalyanlar dedilər ki, Vilayəti tapmadıqları üçün başqa bir İtalyan Mussolininin boynundan tutub şəkil çəkdirmişdi ki, guya faşist diktatorunu o, tutub. Amma əslində İtalyanlar qısqanırdılar bizi. İstəmirdilər ki, tarixə azərbaycanlının adı düşsün.”
Biz əsl həqiqətin harada olduğunu dəqiq bilmirik, amma müharibənin od-alovundan sağ-salamat çıxmış Bəyiş kişinin də dediklərini təkzib edə bilmərik.
O ki , qaldı Bəyiş kişinin sonra başına gələnlərə, o, müharibədən sonra ailəsinə, doğmalarına qovuşacağı ümidi ilə vətənə qayıdıb. Amma bu ona baha başa gəlib. Vətən xaini kimi düz doqquz il həbsdə yatıb. Baxmayaraq ki, o, 1947-ci ildə bəraət almışdı, amma Dövlət Təhlükəsizlik Komitəsi onun uzun illər həbsdə qalmasına nail olub.