Baytarlıq Xidmətindən əhaliyə <span style="color:red;">MÜRACİƏT
17 aprel 2015 14:08 (UTC +04:00)

Baytarlıq Xidmətindən əhaliyə MÜRACİƏT

Dövlət Baytarlıq Nəzarəti Xidməti quş qripi ilə bağlı keçirilən monitorinqin nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, aprelin 6-dan quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 29 baş çöl quşunun, 5 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1988 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

 

Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

 

Xatırladaq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədi ilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Nəzarəti Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

 

Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Nəzarəti Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 4-də başlanması nəzərdə tutulur.

 

Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. 

# 121

Oxşar yazılar