Odlar Yurdu Universitetində TRT kanalının baş direktoru İbrahim Şahinə fəxri doktor diplomu təqdim edilib. Lent.az-ın məlumatına görə, ali məktəbin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib ki, İ. Şahinə fəxri doktor diplomu Türk mədəniyyətlərinin dünyaya tanıdılması, Azərbaycanın Qarabağ problemi və Xocalı soyqırımı həqiqətlərini hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə verilib.
Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, xüsusilə Türkiyə ali məktəbləri ilə əməkdaşlığa üstünlük verildiyini qeyd edib. Ə. Vəliyev TRT-nin Azərbaycan həqiqətlərini, Qarabağ problemini hər zaman dünyaya olduğumu kimi çatdırdığını deyib.
Millət vəkili Qənirə Paşayeva çıxışında İbrahim Şahinin Azərbaycan -Türkiyə münasibətlərinin inkişafında böyük xidmətləri olduğunu deyib.
Sonra İ. Şahinə fəxri doktor diplomu və hədiyyələr təqdim olunub.
İ. Şahin isə öz növbəsində universitet rəhbərliyinə və kollektivinə təşəkkür edib. O deyib ki, bu gün Türkiyədən kənarda ilk fəxri diplomunu alır.