Bakının bütün piyada keçidlərində əlillər üçün pandus qoyulacaq
"Azərbaycan əhalisi sağlamdır. Bunun nəticəsidir ki, Azərbaycanda əlil insanların sayı ümumi əhalinin 6%-ə qədərini təşkil edir ki, bu da dünya səviyyəsində çox aşağı nəticədir".
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu rəqəmin 6% təşkil etməsinin də bir sıra səbəbləri var: "İlk növbədə Qarabağ müharibəsi əhali arasında əlil şəxslərin sayına ciddi təsir etdi. Etiraf edək ki, həmin o əlilliyi olan şəxslərin ailələrində dünyaya gələn körpələr arasında da əlil, sağlamlıq imkanları məhdud uşaqların sayı çoxdur. O zaman bu rəqəm daha da aşağı düşə bilərdi. Təəssüflər olsun ki, düşmədi. Müəyyən məsələlər var ki, uşaqlar arasında məhdudluğun sayının artırılmasına gətirib çıxarır. Bunlardan da biri qızların daha erkən yaşlarda qanundankənar izdivaca girmələri, daha erkən yaşda uşaq dünyaya gətirmələri, qohumluq əlaqələrinə əsaslanan ailələrin qurulmasıdır".
Nazir qeyd edib ki, Bakı şəhərinin mərkəzindəki bütün keçidlərdə Avropa standartlarına uyğun 421 ədəd pandusun qoyulması təmin olunacaq. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli ilə bu məsələ müzakirə olunub və BNA bu məqsədlə tender elan edib: "Eko" şirkəti həmin tenderin qalibi elan olunub və həmin şirkətlə 2 milyon manat məbləğində müqavilə imzalanıb. Həmin müqavilənin icrası çərçivəsində 421 pandusun quraşdırılması təmin olunacaq. Bunun ardınca şəhərin bütün digər hissələrində, respublikanın bütün şəhər və rayon mərkəzlərində qeyd edilən məsələ öz əksini tapacaq".
Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bundan sonra tikiləcək xətlərdə və stansiyalarda əlilliyi olan şəxslərin rahat hərəkəti üçün nəzərdə tutulmuş müvafiq avadanlıqların quraşdırılması təmin olunacaq. Onun sözlərinə görə, hazırda mövcud olan stansiyalar SSRİ dövründə tikilib və həmin vaxt fiziki imkanları məhdud şəxslərin metrodan istifadəsi o qədər də nəzərdə tutulmayıb. Lakin yeni açılan stansiyalarda və bundan sonra açılacaq stansiyalarda bu proses daha da təkmilləşib: "Avtovağzal" stansiyasında bir, "Memar Əcəmi" stansiyasında isə əlil şəxslər üçün 4 lift quraşdırılıb. Təmir-bərpa işləri aparılan digər stansiyalarda fiziki imkanları məhdud, görmə məhdudiyyəti olan şəxslər üçün xüsusi zolaqlar təşkil olunub ki, həmin şəxslər stansiyanın girişindən salınan bu zolaqlar vasitəsilə qatara qədər gedə bilirlər".
197