Qanla yuyulmuş torpaq
28 fevral 2014 16:56 (UTC +04:00)

Qanla yuyulmuş torpaq

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başlamış olduğu təcavüzün ən dəhşətli səhifələrindən biri Xocalıda əhalinin kütləvi qırğını oldu. Törədilən vəhşiliyə görə XX əsrin ən dəhşətli soyqırımı hesab edilən Xocalı faciəsində erməni millətçiləri Azərbaycan xalqına misli görünməmiş müsibətlər yaşatdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə, SSRİ dövründə Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edən ermənilər burada yaşayan dinc əhaliyə qarşı soyqırım törətdilər. Təbii ki, burada məqsəd təkcə xalqın kütləvi şəkildə qırılması və yaşadıqları yerdən çıxarılması ilə məhdudlaşmırdı. Məlum olduğu kimi, o zaman Azərbaycan yenicə müstəqillik qazanmışdı və bu da erməniləri çox qıcıqlandırırdı. Onlar çox uzun zamandan bəri özgə torpaqlar hesabına özlərinin “Böyük Ermənistan” dövlətini yaratmaqda israrlı idilər. Dağlıq Qarabağa çoxdan iddiası olan erməni millətçilərinin əsas məqsədi məhz Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini işğal edərək xalqımızın müstəqilliyinə zərbə vurmaq və dövlətimizi sarsıtmaq idi. Qeyd edək ki, şəhərin coğrafi mövqeyi və Qarabağdakı yeganə hava limanının da Xocalıda yerləşməsi erməni silahlı dəstələrinin Xocalıya hücümunu şərtləndirirdi.

Beləliklə, ermənilər öz mənfur məqsədlərini həyata keçirmək üçün fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycan xalqına həm maddi, həm də çox böyük mənəvi zərbələr vurdular. Bu dəhşətli soyqırım nəticəsində 613 nəfər şəhid olmuşdur ki, onlardan da 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar idi. Şikəst olmuş 487 nəfərdən 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin – qocalar, uşaqlar, qadınların  əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmasıdır. Bundan başqa 150 nəfərin taleyi hələ də məlum deyildir.

Bu faicələri törədənlər özləri də müxtəlif mənbələrdə bunu etiraf etmişlər. Məsələn, Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar... Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Bütün bunlara baxmayaraq, yalnız dinc əhaliyə, qadına, qocaya, uşağa zor tətbiq etməyi “bacaran”  mənfur erməni canilıri bu dəfə də öz niyyətlərinə nail ola bilmədi. Bütün bunlar, Azərbaycan xalqında sağalmaz yaralar açsa da, onun mübarizə əzmini qıra bilmədi. Azərbaycan öz müstəqilliyini qoruyub saxladı və bu gün səsini bütün dünyaya çatdıra bildi. Artıq bir çox dünya ölkələri, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar xalqımızın başına gətirilmiş bu faciəni - Xocalı soyqırımını tanıyır və insanlıq əleyhinə törədilmiş bu cinayətdə məsuliyyət daşıyan ermənilərin cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirir.

Ləman Xəlilova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444
avatar

Oxşar yazılar