Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin dəstəyi ilə “Azərbayan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin “Hüquq və mən” adlı layihəsi çərçivəsində Bakının 5 pilot məktəbində şagirdlərə hüquq dərsləri keçirilir. lent.az-ın məlumatına görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə həyata keçirilən layihəyə əsasən dərslər peşəkar hüquqşünaslar tərəfindən 5 həftə ərzində keçirilir. Bu pilot layihə çərçivəsində “Azərbaycan Hüquq İslahatları Mərkəzi”-nin sədri Anar Bağırov və “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti”-nin Bakı ofisinin rəhbəri Tomas Meltser 200 nömrəli tam orta məktəbdə olub, keçirilən dərslərdə iştirak edib və bu layihə barədə məktəbin kollektivinə və şagirdlərə ətraflı məlumat veriblər.
Layihə barədə layihənin rəhbəri, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”-nin sədri Anar Bağırov bildirib ki, bu layihə indiyə kimi buna oxşar keçirilən tədbirlərdən öz unikallığı ilə seçilir. Belə ki, dərslərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca dərs vəsaitləri hazırlanıb. Dərslikdən və işçi dəftərindən ibarət olan bu vəsaitlər həm məzmun etibarilə, həm də dizayn baxımından şagirdlərin böyük marağına səbəb olub. Belə ki, vəsaitlərin dizayn tərtibatı Almaniya Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqədə qalib olan tələbələrin rəsmləri əsasında qurulub.
A.Bağırov qeyd edib ki, artıq 5 həftə nəzərdə tutulmuş dərslər uğurla yekunlaşmaq üzrədir. Böyük müddət olmamasına baxmayaraq, şagirdlərin bu 5 həftə ərzində hüquqi bilikləri əhəmiyyətli dərəcədə artıb. Bu faktorun gələcəkdə vətəndaşların hüquq mədəniyyətlərinin və hüquqi şüurunun artırılması üçün müsbət təsir edəcəyinə inandığını bildirib: “Layihənin əsas məqsədi 10-cu və 11-ci sinif şagirdlərinin hüquqi biliklərinin inkişaf etdirilməsi və onlara gələcəkdə üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə etməli olduqları davranışların öyrədilməsidir. Eyni zamanda, artıq gələcək həftələrdə dərslərdə xüsusi fərqlənən şagirdlərin şəhərimizdə yerləşən məhkəmələrdən birinə ekskursiyaya aparılması nəzərdə tutulub. Şagirdlərin həvəsləndirilməsi üçün onlara fəxri fərmanlar və sertifikat veriləcək”.
Tomas Meltser isə məktəblə tanış olaraq məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün yaradılmış şəraitdən məmnunluğunu bildirib. Layihə barədə danışan T.Meltser bu metodik vəsaitlərin Almaniyada çap olunduğunu və Almaniyada çap olunan ilk Azərbaycan dilində nəşrlər olduğunu xüsusilə vurğulayıb. Tomas Meltser hesab edib ki, bu dərslər şagirdlərin hüquqla bağlı anlayışlarına böyük töhfələr verəcək. Almaniyada artıq belə bir təcrübənin olduğunu qeyd edən T.Meltser, ölkəmizdə də pilot layihə olaraq bu təcrübənin həyata keçirilməsini yüksək qiymətləndirib və sözlərinə əlavə edib ki, yaxşı olardı ki, bu dərslər gələcəkdə bütün ölkə miqyasında keçirilsin. Layihə barədə Tomas Meltser şagirdlərlə sual-cavab formatında diskusiya apardı və məktəblilərin bu layihəyə fikrini öyrənib.
200 nömrəli tam orta məktəbin direktoru Qafar Hüseynov öz növbəsində şagirdlərin bu dərslərə böyük marağının olmasını qeyd edib. Ümumiyyətlə, hər bir insanın kiçik yaşlarında onun öz hüquqları və vəzifələri barədə maarifləndirilməsinin müsbət hal olduğunu bildirib.
Qeyd edək ki, pilot layihə ilkin olaraq Bakının 18, 236, 240, 276 və 200 nömrəli tam orta məktəblərində keçirilir. Layihənin gələcəkdə digər tam orta məktəblərdə də keçirilməsi nəzərdə tutulur.