Hər gün 450 uşaq kəskin respirator xəstəliklərə görə təcili yardıma müraciət edir
“Dekabrın 27-dən sonra Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında kəskin artım müşahidə edilib”. Bunu Lent.az-a açıqlamasında Stansiyanın Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, bayram günlərində təcili yardıma gündəlik müraciət edənlərin sayı 2000-dən çox olub: “Stansiyaya dekabrın 30-da 2000, dekabrın 31-də 2500, yanvarın 1-də 2400, yanvarın 2-də 2420, yanvarın 3-də, 4-də, 5-də 2300, dünən isə 2210 müraciət daxil olub. Adi günlərdə isə bu rəqəm 1500-1600 olur”.
Baş həkimin sözlərinə görə, təcili yardıma dekabrın 21-də 1830, 22-də 1939, 23-də 1960, 24-də 1949, 25-də 1895, 26-da 1926 müraciət edilib.
Z. Vahidova onu da bildirib ki, son günlər uşaqlar arasında kəskin respirator xəstəlikləri geniş yayılıb: “Artıq bununla bağlı təcili yardıma gün ərzində müraciət edənlərin sayı 450-ni ötür. Bu xəstəlik əsasən hava-damcı yolu ilə keçir. Bundan əlavə, uşaqlar arasında su çiçəyi, qızılca kimi xəstəliklərin də sayında artım müşahidə olunur”.