Bakının mərkəzini hava limanı və kənd və qəsəbələrlə birləşdirəcək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin nəqliyyat yükünü azaldacaq iri layihənin icrasına başlanılıb. Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına və "Olimpiya" stadionuna giriş yolunun tikintisinə başlanılıb. həm də Heydər Əliyev prospektinə paralel olacaq yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə "Olimpiya" stadionuna qədər uzanacaq. Yol boyu tunellərin, yol ötürücülərinin, piyada keçidləri və körpülərinin tikintisi nəzərdə tutulub.
Artıq stadion ətrafı tikinti altına düşən maneələrin söküntüsü başa çatdırılıb, kommunikasiya xətlərinin (qaz, su, elektrik) köçürülməsi işləri isə davam etdirilir. Hazırda layihənin son variantına baxılır. İlkin cizgilərə əsasən stadiona giriş məqsədilə yeni tunelin tikintisinə və digər işlərə başlanılıb. Yeni yol istismara verildikdən sonra Heydər Əliyev prospektinin yükünü azaltmaqla yanaşı, Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli hərəkətin təmin edilməsinə xidmət edəcək.
Yeni yolda 6 hərəkət zolağı olacaq.