Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, avtomobil körpüsünün tikintisi və yol ətrafı zonada ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yol boyunca sahilbərkitmə işləri ilə bağlı layihənin artıq 60%-i yerinə yetirilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü km-də yerləşir: "Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, yanaşma yolları ilə birlikdə isə 1357 metr, eni 14 metr, hərəkət hissəsi 11,5 metr təşkil edir. Körpünün üstündə piyadaların hərəkəti üçün səki də olacaq. Körpünün altından dəniz səviyyəsinədək hündürlük 11 metr təşkil edir. Körpü 10-aşırımlı olacaq".
P.Mürsəlyev qeyd edib ki, körpüdə işlərin xeyli hissəsi görülüb: "Artıq 10 dayağın tikintisi başa çatdırılıb, aşırım qurğularının müvəqqəti dayaqları qurulub, hazırda betonun tökülməsinə hazırlıq gedir. Sonradan aşırım qurğusunda monolit betonla gərginləşdirmə işi həyata keçiriləcək. Xaricdən gətirilmiş troslar istinad divarının içinə yerləşdirilir. Almaniya istehsalı olan yeni avadanlıqlarla trosların sonradan gərginləşdirilməsi aparılır, daha sonra istinad divarının möhkəmliyi üçün sement məhlulu ilə doldurularaq ineksiya olunur. Trosların paslanmaması, istinad divarlarının möhkəmliyini və zərbəyə davamlılığını artırmaq üçün həmin xüsusi avadanlıqla sonradan gərginləşdirmə işi aparılır. Artıq körpüyə giriş hissəsi hazırdır. Hazırda çıxış hissəsində torpaq işləri davam etdirilir. Ətraf ərazidə kürə daşları və geksolit ilə 550 metr uzunluğunda sahilbərkitmə işləri də yerinə yetirilib".
Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə körpünün 4-cü dayağı ilə 7- ci ayağı arasında 120 metr məsafə qazılaraq götürülüb. Bu da gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək. Körpüdə svayların uzunluğu 36 metr, gəmilərin keçəcəyi yerdə isə 42 metr olacaq.