20 Yanvar günü Bakıda bəzi mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb.