Trans - Anadolu qaz kəməri (TANAP) layihəsinin əhəmiyyəti
25 aprel 2014 12:10 (UTC +04:00)

Trans - Anadolu qaz kəməri (TANAP) layihəsinin əhəmiyyəti

Bu gün Avropada enerji daşıyıcılarına tələbat günü-gündən artır və Avropa ölkələri bu tələbatı ödəmək üçün Azərbaycanla bu sahədə əməkdaşlığa can atır. Məhz buna görə də uzun illər Azərbaycan qazının Avropaya nəqli istiqamətində davam edən müzakirələr ən etibarlı yol olan Trans Anadolu qaz kəməri (TANAP) marşrutunun seçilməsi ilə nəticələnmişdir. 2011-ci il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanmışdır. 2012 – ci il iyunun 26-da isə İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılmış və 2012-ci il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər iki müqavilə ratifikasiya olunmuşdur. TANAP  layihəsinin inşasında məqsəd  Azərbaycanın Şahdəniz yatağının ikinci fazasından hasil olunan təbii qazın Avropa bazarlarına nəqlinin təmin edilməsidir. Sevindirici haldır ki, bu layihə Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcək.

Dövlət Neft Fondunun məlumatına əsasən təbii qazın Türkiyəyə və Türkiyə ərazisindən tranzit keçidi Gürcüstan-Türkiyə sərhədindən başlayaraq Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədlərində yerləşən çıxış nöqtələrinə və ya tərəflərin gələcəkdə razılaşdıra biləcəyi digər çıxış nöqtələrinə nəql olunması planlaşdırılır. Qeyd edək ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan TANAP layihəsinin  beş il ərzində reallaşması nəzərdə tutulmuşdur. Layihə  4 mərhələdə həyata keçiriləcəkdir və ilk fazanın 2017-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Layihə 7 milyard ABŞ dollarına başa gələcək. Uzunluğu təqribən 2 min kilometr olan boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulmuşdur. Memoranduma uyğun olaraq layihədə türk iştirakçıları 20% və Azərbaycan iştirakçıları 80% paya sahibdir.

Qeyd edək ki, XXI əsrin ən böyük enerji layihələrindən sayılan bu layihənin icrası iki qardaş ölkənin daha da yaxınlaşmasına və hər iki ölkənin enerji təhlükəsizliyində bir-birinə dəstək olmasına çox böyük şərait yaratmışdır. Həmçinin qədim zamanlardan din, dil, mədəniyyət, adət-ənənə yaxınlığı olan Azərbaycan və Türkiyə Respublikaları arasında strateji əməkdaşlığın da inkişafına töhfə olmuşdur.

Ləman Xəlilova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar