Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2-ci texniki dərəcəli 15 - 45 km sahəsinin əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev
Lent.az-a bildirib ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub.
“Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir”, - deyə P. Mürsəliyev əlavə edib.
Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.