Bağışlama məsələləri hüquqi müstəvidə necə həll olunur? Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Pərviz Zamanlı Lent.az-a bildirib ki, bağışlama bağışlama müqaviləsi əsasında həyata keçirilir. Bağışlama müqaviləsi hədiyyə verən şəxs sağ ikən bağlanır və bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
P.Zamanlı bildirib ki, bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər: “Hədiyyə verən (bağışlayan) şəxs ümumi mülkiyyətdə olmayan və ya vərəsəlik hüququ ilə məhdudlaşmayan əmlakını bağışlaya bilər. İlkin olaraq daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmçinin rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bağışlamanın etibarlı olması üçün daşınar əşyalar bağışlanarkən hədiyyə verən əşyanı hədiyyə alana verməlidir. Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar yazılı surətdə qarşı tərəfə keçirilməlidir. Əgər şəxs gələcəkdə bağışlama vəd edirsə, bu vəd notariat qaydasında təsdiqlənməlidir”.
Hüquqşünas deyir ki, bağışlayan şəxs qarşı tərəf bağışlanan əşyanı qəbul edənədək istədiyi vaxt onu geri ala bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər: “Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda”.
Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.