Bu günlərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan, rəsmi tərəfdaşları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi olan və "GameTV" Prodüser Mərkəzi tərəfindən çəkilən "Breyn Rinq" proqramında iştirakçıları şərt qarşısında qoyublar. Lent.az-ın məlumatına görə, bu proqramda çıxış edən gənclərə analoji proqramlarda iştirak qadağan olunub, onlarla müqavilə imzalanıb. İştirakçılar əgər digər intellektual layihədə iştirak etsə və ya sadəcə küçədə onlara yaxınlaşan jurnalistə GameTV.az-ın icazəsi olmadan müsahibə versə müqaviləyə əsasən 3000 manat cərimə ödəməli olacaq. Sual yaranır, nə üçün? Niyə iştirakçı analoji verilişdə iştiraka görə cərimə ödəməlidir? Niyə verilişi ərsəyə gətirən şirkətə müraciət edərək icazə almalıdır? Cavabsız suallar bununla bitmir. "Breyn Rinq" proqramının sponsoru və tərəfdaşlarının belə qadağadan xəbərləri varmı? Əgər xəbərləri varsa nə üçün belə bir ədalətsizliyə şərait yaradırlar?
Bu səbəbdən layihənin əvvəlki çəkilişlərində iştirak edən onlarla gənc layihədə iştirakdan imtina edib, onlarla gənc isə bu şərtlərlə razılaşmayaraq onu pozduqlarına görə layihədən kənarlaşdırılıblar. Məhz bu səbəbdən, yəni şifahi qadağanı bir çoxları pozduğuna görə iştirakçılarla müqavilə imzalanır. Qadağaya əməl etməyənləri isə 3000 manat cərimə gözləyir.
Azərbaycan televiziyalarında belə bir praktika ilk dəfədir ki, tətbiq olunur. Söhbət çox güman ki, AzTV-nin belə bir qadağa qoymasından getmir. Əgər belə olsaydı həmin kanalda yayımlanan "Parlaq zəka" və "Mən Azərbaycanlıyam" verilişlərində iştirak edən gənclər digər kanallarda efirə çıxan proqramlarda iştirak edə bilməzdilər.
Qeyd etmək yerinə düşərdi ki, GameTV.az Prodüser Mərkəzinin baş direktoru Balakişi Qasımovdur. O, layihənin tərəfdaşı olan Təhsil naziri Mikayıl Cabbarovun yaxın qohumudur. Təhsil naziri Mikayıl Cabbarov vaxtilə intellektual oyunlarda ölkəmizi təmsil etmiş və xeyli uğurlara imza atmışdır. Ölkədə təhsil üzrə dövlət siyasətini yerinə yetirməsini nəzərə alaraq nazirliyin belə layihələrə dəstək verməsi təqdirə layiqdir. Nazirlik analoji layihələri də dəstəkləyir. Məsələn elə dövlət kanalında yayımlanan "Mən azərbaycanlıyam" tele-layihəsini. Ancaq sonuncu layihədə iştirakçılar heç bir maneəsiz digər televiziya verilişlərində iştirak edə bilirlər.
"Breyn Rinq" proqramının tərəfdaşlarından biri olan Gənclər və idman nazirliyi də gənclərin iştirak etdiyi bir neçə layihəyə öz dəstəyini göstərir. Belə layihələrdən biri İctimai televiziyada yayımlanan "Xəmsə" milli intellektual oyunudur. Layihənin rəhbəri Gənclərin İntellektual İnkişafı Mərkəzinin sədri Faiq Hüseynov qeyd etdi ki, ""Xəmsə" verilişində belə məhdudiyyət yoxdur və heç ola da bilməz. Bizim layihənin əsas məqsədi gəncləri intellektual hərəkata cəlb etməkdir. Biz, Xəmsəçilər başqa intellektual oyunlarda yüksək nəticələr göstərdikdə çox sevinirik və onlara heç bir məhdudiyyət qoymaq fikrimiz yoxdur."
Maraqlıdır. Necə olur ki, hər iki layihə nazirlik tərəfindən dəstəklənir, ancaq "Breyn Rinq"də iştirak edən "Xəmsə"də iştirak edə bilməz.
"Breyn Rinq"də iştirakla bağlı yaranan qalmaqala Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov da öz münasibətini bildirib. O, belə məhdudiyyətlərin həmişə olduğunu qeyd edərək müxbirimizə "Bu veriliş yarananda ölkənin ən qabaqcıl klublarından olan Xəzər və Atəşgah klublarının komandalarına proqramda iştirak edərək öz klublarını təmsil etmək qadağan olunmuşdu. Bu səbəbdən belə qadağaları eşitdikdə təəccüblənmirəm. İntellektual oyunlar hərəkatının inkişafını düşünənlər gənclərin qarşısında belə məhdudiyyətlər qoymamalıdırlar."