Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına ötən gecə gedən 180 nəfərlik zəvvar qrupu Məkkədə hotellərə yerləşdirilib, onların vəziyyəti yaxşıdır.
Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan nümayəndəsi məlumat verib: “Zəvvarlar Ciddəyə, oradan da Məkkəyə gəldilər. Hotellərinə yerləşdirilən zəvvarlarla bağlı heç bir problem yoxdur. Gecə saatlarında zəvvar qrupumuz ilk dini ayinləri ümreyi qudumu icra etmək üçün Hərəmə-Kəbəyə gedəcəklər”.
QMİ nümayəndəsi bildirib ki, Bakı vaxtı ilə axşam 18:40-da Azərbaycandan zəvvarları gətirən ikinci təyyarə Ciddəyə enəcək.
Onlar təxminən gecə saat 11:00-da Məkkəyə çatacaqlar.
Zəvvarların Məkkəyə daşınması avqustun 6-dək davam edəcək.
Qeyd edək ki, bu il Azərbaycan zəvvarları üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.
Həcc ziyarətinin qiyməti 4285 dollardır.
Zəvvarların ziyarətdən dönüşü bu ayın 21-dən 25-dək baş tutacaq.