Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Vyanada Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının “Cooperation Council of Austria and Azerbaijan (CCAA)” Məşvərət Heyətinin təsis edilib və ilk iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda Məşvərət Heyətinin həmsədri, Avstriyanın Federal Vitse-kansleri Haynts-Kristian Ştraxe çıxış edib.
O, ilk olaraq keçən il Bakıya baş tutan səfərini xatırladaraq, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradılması təşəbbüsünə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Vitse-kansler Haynts-Kristian Ştraxe bildirilib ki, ötən ilin payızında təsis edilən Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayacaq və hökumət üzvlərindən ibarət olan Məşvərət Heyəti bu istiqamətdə mühüm dəstək göstərəcək.
Daha sonra Məşvərət Heyətinin üzvü, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Qeyd edilib ki, Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir və yeni yaradılan Şura və onun Məşvərət Heyəti gələcəkdə həm iqtisadi, həm də digər sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək.
Məşvərət heyətinin üzvü, Azerbaycan Respublikası kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının böyük potensiala sahib olduğunu qeyd edib. Qeyd edilib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanda prioritet istiqamətdir, ölkənin ixrac potensialının artırılmasında kənd təsərrüfatı məhsulları mühüm rol oynayır. Nazir, həmçinin aqrar sektorda qarşılıqlı maraq doğuran layihələrə toxunub və qeyd edib ki, Avstriya ilə bu istiqamətdə birgə əməkdaşlığa böyük ümidlər bəslənir.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının iqtisadi məsələlərlə yanaşı, humanitar və sosial sahələrdə ölkələr arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. O, həmçinin Avstriyanın Avropa İttifaqının üzvü olduğunu xatırladaraq, Azərbaycanın bu təşkilat çərçivəsində əlaqələrin inkişafına ümid bəslədiyini vurğulayıb.
Avstriya tərəfindən Məşvərət Heyətinin üzvü, ölkənin nəqliyyat, infrastruktur və texnologiyalar üzrə federal naziri Norbert Hofer yeni yaradılmış Şuranın vacibliyini qeyd edərək bildirib ki, iqtisadi əlaqələrin inkişafı və işgüzar dairələrin yaxınlaşması ölkələr arasında ikitərəfli münasibətləri inkişaf etdirməklə yanaşı, hər iki ölkədə insanların maddi rifahını yüksəldəcək.
Avstriyanın əmək, sosial məsələlər, səhiyyə və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal naziri Beate Hartinqer-Klayn səhiyyə və sosial təminat sahəsində mümkün texnologiya transferi, elektron səhiyyə aktı və kadrların hazırlanması sahəsindəki mümkün əməkdaşlıq məsələlərindən bəhs edib.
Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Azərbaycan tərəfindən olan Prezidenti Nəriman Baxişev öz və həmkarı Verner Müllerin adından çıxış edib. Nəriman Baxişev çıxışında ilk növbədə, bu qurumun yaradılması təşəbbüsünə görə hər iki ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, yeni yaradılmış qurum biznes və hökumət strukturları arasında əməkdaşlığa dəstək verəcəyini və getdikçə bu təşkilat hər iki ölkənin iqtisadiyyatı üçün qarşılıqlı maraq doğuran ideyalar əsasında layihələrini həyata keçirəcək.
Yekunda Məşvərət Heyətinin iclasının protokolu imzalanıb.
Tədbirin son hissəsində, Avstriya və Azərbaycan şirkətləri prioritet layihələrlə bağlı təqdimatlar keçiriblər. Təqdimatlarda informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, qida sənayesi, infrastrukturun inkişafı və digər sahələrdə fəaliyyət göstərən şirkətlər öz layihələrini təqdim ediblər.
1074