“Təhsil sisteminin informasiyalaşdırılması Azərbaycan Respublikasının təhsil strategiyasının əsas istiqamətlərindən biridir. Təhsil sisteminin şəbəkələşməsi məqsədilə bu günlərdə yaradılmış “e-dərslik”, yəni elektron dərslik portalı da bu istiqamətdə görülən işlərdən biridir”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abışov deyib.
Onun sözlərinə görə, portalda təkcə elektron dərsliklər yox, müsabiqələr, videodərslər, elektron testlər, Azərbaycan dilinə adaptasiya edilmiş xarici elektron resurslar və s. resurslar yerləşdirilib: “Bu ilin oktyabr ayında istifadəyə verilən e-dərslik portalında bir ay ərzində 25 min istifadəçi qeydiyyatdan keçib. Burada VI-VII siniflər üzrə 12 dərslik və II-III siniflər üzrə hər birindən 6 dərslik yerləşdirilib”.
Proqramın digər qonağı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, görülən bütün işlərin əsas məqsədi təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır: “Hal-hazırda kompüter texnologiyalarının köməyi ilə biliyi daha asan yolla mənimsətmək mümkündür. Bizdə təhsilin kompüterləşdirilməsi və internetləşdirilməsi çox sürətlə baş verir. Lakin məktəblərdə kompüterləşdirmə getsə də, Azərbaycan dilində kifayət qədər resurs yoxdur. Axtarış zamanı bütün materiallar əsasən ingilis və rus dillərində olur. Əgər əvvəllər belə vəsaitlər disk formasında olurdusa, indi internetə yerləşdirmək müsbət haldır. İnternet olan hər yerdə həmin resurslar əlçatandır. Elektron dərslik kitabın pdf forması deyil. Kitabın içində mətn və şəkil olursa, elektron dərslik interaktiv multimedia məhsuludur. Burada video və audio materiallar var. Artıq peşəkar müəllimin informasiya texnologiyalarını tətbiq etmədən öyrətdiyi dərsdən çox, əlində proyektor və kompüter imkanları olan orta səviyyəli müəllimin bu audio-video materiallardan, animasiyalardan istifadə edərək keçdiyi dərs müasir şagirdlərə daha maraqlıdır. Lakin bu proses kütləviləşməlidir”.
Ayaz Abışov tədris prosesinə marağın artdığını, dərslərin oyunlar vasitəsilə qavrandığını deyib: “Edu.az portalında 200-dən artıq müxtəlif fənlərə aid elektron dərs yerləşdirib. Elektron dərslik portalında funksiyalardan biri də qeydlərlə bağlıdır. Burada istifadəçilərin qeydləri nazirlik tərəfindən müşahidə edilir və dərsliklərlə bağlı bütün irad və təkliflər nəzərə alınır. Ənənəvi dərsdə müəllim mərkəzi fiqur idi, şagird, kitab və digər vəsaitlər köməkçi vasitə idi. Lakin müasir kurrikulum proqramında şagird mərkəzdədir, müəllim, kitab, veb-məzmun və digər vəsaitlər hamısı əlavə vasitədir. Müəllim əsasən istiqamətverici rolunu oynayır. Bütün inkişaf etmiş dövlətlərdə öz təsdiqini tapmış bu təcrübə tədris prosesində müəllimin rolunu azaltmır, əksinə şagirdlərin bilik və bacarıqlarının mükəmməlləşdirilməsi üçün müəllimin məsuliyyətini artırır. Müəllimlərin nəinki İKT-nin tətbiqi baxımından, eyni zamanda hərtərəfli peşəkarlığının artırılması üçün tədbirlər görülməlidir. Təhsil Nazirliyi bu istiqamətdə mütəmadi olaraq treninqlər təşkil edir. Eyni zamanda müəllimlərin də üzərinə məsuliyyət düşür və onlar özləri də müstəqil surətdə öz bilik və bacarıqlarını artırmağa çalışmalıdırlar. Bunun üçün elektron təlim portalına daxil olaraq peşəkar təlimlərdən istifadə edə bilərlər”.
Osman Gündüz bildirib ki, son illər müəllimlərin İKT bacarıqlarını təkmilləşdirmək istiqamətində Təhsil Nazirliyi tərəfindən böyük işlər görülüb: “Hətta məktəb direktorlarına qarşı qaydalar sərtləşdirildi. Lakin problem ondadır ki, İKT resurslarından istifadə edərək müasir standartlara uyğun dərs keçən müəllimlə ənənəvi qaydada tədris edən müəllimə yanaşmada həm məktəb rəhbərliyinin, həm Təhsil Nazirliyinin yanaşması eynidir. Bu belə davam edərsə, bir müddət sonra İKT-dən istifadə edən müəllimin də işə həvəsi öləcək. Artıq müəllimlərin həm maddi, həm də mənəvi cəhətdən qiymətləndirilməsində fərq olmalıdır. Müəllimlərin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər administrativ baxımdan da qiymətləndirilməlidir. Əgər bir neçə təlimdən sonra müəllim İKT-dən yenə istifadə edə bilmirsə, attestasiya məsələsinə aydınlıq gətirilməlidir. Mən təklif edirəm ki, bir-iki təlimdən sonra İKT-ni tətbiq edə bilməyən müəllimlər attestasiyadan keçirilməsin. Lakin hələlik həm müəllimlərin rəqabətə rəğbətləndirilməsi, həm maddi baxımdan fərqləndirilməsi, İKT bacarıqlarına görə fərqləndirilməsi və əmək haqqının artırılması baxımından aydınlıq yoxdur”.
Osman Gündüz elektron dərslik hazırlanmasının çap dərsliyin hazırlanmasından qat-qat nəhəng iş olduğunu deyib: “Məncə, bu işi təkcə dövlət öz üzərinə götürməməlidir. Təkcə Təhsil Nazirliyinin bu işi görməsi uğurlu olmayacaq. Bu işə özəl sektor da cəlb olunmalıdır. Tenderlər təşkil olunmalıdır. Hal-hazırda Təhsil Nazirliyi bu işi təkbaşına görür, kifayət qədər də öhdəsindən gəlir. Lakin müzakirələr də göstərir ki, elektron dərsliklərin qiymətləndirilməsinə yenidən baxılacaq, müvafiq standartlar, meyarlar müəyyənləşdiriləcək. Əvvəllər Təhsil Nazirliyi müəyyən tender keçirirdi və bu tenderdə qalib gəlib öz SD-ni və hansısa elektron proqramını buraxan şirkət bir müddət sonra ona parol qoyurdu. Disk məktəblərə verilirdi, lakin diskin üzünü köçürmək olmurdu. Lakin indi Təhsil Nazirliyi müəlliflik və kommersiya hüquqlarını özündə saxladığına görə materialları asanlıqla internetə yerləşdirərək kütləviləşdirir”.
Ayaz Abışov bildirib ki, Təhsil Nazirliyində müəllimlərin motivasiyası ilə bağlı müəyyən işlər görülür: “Növbəti ildən İKT-nin tətbiqi ilə bağlı təlimlərdə uğur qazanan müəllimlərin motivasiyası ilə bağlı müəyyən işlər nəzərdə tutulub. Məsələn, həmin müəllimlərin sinfinə elektron proyektorun verilməsi, yüksək sürətli internetlə təminat və s. nəzərdə tutulur. Maddi təminat məsələsinə gəldikdə isə, bu yaxınlarda başa çatan “İlin müəllimi” müsabiqəsi məhz belə tədbirlərdən idi. 100 müəllimin 5000 manat məbləğində mükafata layiq görülməsi və ya 100 məktəbin qalib gəlməsi, o cümlədən, elektron təhsil müsabiqəsinin keçirilməsi də belə addımlardan biridir. Hazırda elektron resurslarımızda 7000-ə yaxın müəllimin hazırladığı Azərbaycan dilli elektron materialdan istifadə olunur”.
Təhsil Nazirliyinin rəsmisi 2008-ci ildən Azərbaycan Təhsil Şəbəkəsi yaradıldığını deyib: “Bu şəbəkə filtrasiyalıdır. Hal-hazırda ümumilikdə 1765 məktəb həm fiberoptik xətlə, həm ADSL-lə, həm də simsiz xətlə internetlə təmin olunurlar. Bu məktəbləri sayı hər il 100-200 məktəb artır. Azərbaycan Respublikası prezidenti tərəfindən təsdiq olunmuş “Gələcəyə Baxış İnkişaf Konsepsiyası”na görə 2020-ci ilə qədər bütün məktəblərin Azərbaycanın Təhsil Şəbəkəsinə qoşulması məqsəd qoyulub”.
Azərbaycanın ilk elektron dərslik portalı yaradıldı
227