Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı oktyabr ayı ərzində 3108 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyinin pozulması halları müəyyən edilib. Bu barədə Lent.az-a DMX-dən məlumat verilib.
Onlardan 19-nun Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 236 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2547 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 306 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9153 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıbş və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45136 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 85 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 38 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.