Azərbaycanda yenidən bunyavirus xəstəliyi yayıla bilərmi? - AÇIQLAMA
25 sentyabr 2013 15:36 (UTC +04:00)

Azərbaycanda yenidən bunyavirus xəstəliyi yayıla bilərmi? - AÇIQLAMA

“Bu ilin iyul ayının əvvəllərində Azərbaycanda yağışlı günlərin olması, ardınca isə birdən-birə havalar istiləşməsi  ağcaqanadların sayının artmasına səbəb oldu. Nəticədə iribuynuzlu heyvanlar arasında bunyavirus xəstəliyi yayılmağa başladı”. Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, həmin xəstəlik ağcaqanadlar və  qansoran həşəratlarla keçib: “Vəziyyət nəzarət altındadır. Müalicələr öz effektini verir. Hazırda 550 baş heyvanda bu xəstəlik qalmaqdadır. Baytar həkimlər tərəfindən də həmin heyvanların müalicəsi davam etdirilir”.

 

Y. Xanvəli “Gələn il də ölkəmizdə heyvanlar arasında  bu xəstəliyinin yayılması ehtimalı varmi” sualına da aydınlıq gətirib: ”Bu, virus xəstəliyidir və hər vaxt baş verə bilər. Amma beynəlxalq mütəxəssislərin ilkin fikirləri bundan ibarətdir ki, xəstəliyə yoluxmuş heyvanların yenidən adıçəkilən xəstəliyə yoluxması ehtimalı yoxdur”.

 

Mətbuat katibinin sözlərinə görə, bunyavirus xəstəliyinə yoluxmayan heyvanlar adıçəkilən xəstəliyə yoluxa bilər: “Əgər belə hal müşahidə olunarsa, ciddi mübarizə aparılacaq. Yəni vətəndaşlarımızın heç bir narahatlığına əsas yoxdur. Ümid edirik ki, gələn il ölkədə ümumiyyətlə bu cür xəstəlik müşahidə olunmayacaq”.

 

DBX-nin sözçüsü heyvanlar arasında çiçək xəstəliyi ilə bağlı yayılan məlumata da öz münasibətini bildirib: “İndiyə kimi ölkəmizdə 7 milyon xırda buynuzlu  heyvanda çiçək xəstəliyinə qarşı vaksinasiya aparılıb. Azərbaycanda hələ ki, çiçək xəstəliyi müşahidə olunmur. Yayılan məlumatların heç bir əsası yoxdur. Bu, tamamilə yanlış məlumatlardır. Bəlkə də 1-2 baş heyvan bu vaksinasiyadan yayına bilər. Amma bu o demək deyil ki, Aran bölgəsində çiçək xəstəliyi baş verib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar