Azərbaycanda xroniki böyrək çatışmazlığı olan xəstələrin sayı artır
13 mart 2014 17:16 (UTC +04:00)

Azərbaycanda xroniki böyrək çatışmazlığı olan xəstələrin sayı artır

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Səhiyyə Nazirliyinin baş nefroloqu Mehman Ağayev qeyd edib ki, son illər ərzində Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artır. Onun sözlərinə görə, bunun əsas səbəbi belə xəstələrə dövlət tərəfindən diqqətin artırılması, müasir avadanlıqlar vasitəsilə xəstəliyin vaxtında aşkarlanmasıdır.

M. Ağayevin sözlərinə görə, bu xəstəliyin aradan qaldırılmasına, mövcud sahədə problemin həllinə hər bir ictimai qrup və insanlar qoşulmalıdır. Yalnız birgə əməkdaşlıq, diqqət və məhəbbət sayəsində xəstələrə yardım etmək olar.

Tədbirdə daha sonra çıxış edən M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2013-cü il registri” mövzusunda məruzə ilə çıxış edib. Ölkədə xəstəliyin müalicəsi il bağlı müəyyən məsələlərdən danışan F. Babayevin sözlərinə görə, bu xəstəliyin həllinə 2006-cı ildən etibarən başlanılıb və bu vaxta kimi müəyyən nəticələr əldə olunub.

Tədbirin davamında tanınmış professor və tibb üzrə dosentlər “Böyrək transplantasiyası və virus hepatitləri”, “Böyrəklərin xronik xəstəliyi zamanı ürəyin işemik xəstəliyi”, “Ailəvi aralıq dənizi qızdırması”, “Uşaqlarda nevrotik sindromun müasir müalicəsi” və digər mövzulara dair məruzələrlə çıxışlar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar