Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin direktoru Heymo Laakkoneni qəbul edib. Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, S. Müslümov Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf göstəriciləri, xüsusən son on ildə əldə olunan mühüm tarixi nailiyyətlər haqqında H. Laakkonenə məlumat verib, ölkədə insan inkişafına yönələn ardıcıl tədbirlərin demoqrafik vəziyyətə müsbət təsirini qeyd edib: “Azərbaycan İnsan İnkişafı İndeksi üzrə “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək “yüksək insan inkişafı” qrupuna daxil olub. Yoxsulluğun kəskin şəkildə azalaraq 5, 3 faizə düşməsi, eyni zamanda insan potensialının qorunması və inkişaf etdirilməsi, ana və uşaqların sağlamlığı, ailələrin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət ölkədə demoqrafik sabitliyə səbəb olub. Ölkə əhalisinin sayı təkcə ötən il 1,3 faiz artaraq, cari ilin əvvəlinə 9477,1 min nəfər təşkil edib. 2003-cü ildə doğulan hər nəfərə gözlənilən orta ömür uzunluğu göstəricisi 72,3 yaş idisə, 2013-cü ilin nəticələrinə görə, bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş təşkil edib”.
Nazir bildirib ki, demoqrafik potensialın inkişafı sahəsində Şərqi Avropa və MDB-yə daxil olan ölkələr sırasında ilk dəfə Azərbaycanda 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub: “Hazırda nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsi hazırlanıb.
BMT-nin Əhali Fondunun Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərdiyini qeyd edən H. Laakkonen ötən müddətdə hərtərəfli inkişaf proseslərinin yaşandığı, eyni zamanda bu gün demoqrafik sabitliyin hökm sürdüyü Azərbaycanın BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə əhali sakinliyinin və demoqrafiyanın inkişafı, bu sahədə milli potensialın yaradılması və təkmilləşdirilməsi, müvafiq elmi tədqiqat işlərinin və təbliğatın aparılması, demoqrafik inkişafın qiymətləndirilməsi və proqnozlaşdırılması sahələrində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.