Azərbaycanda adam öldürənlərə daha ağır cəza veriləcək - YENİLƏNİB
21 may 2014 14:56 (UTC +04:00)

Azərbaycanda adam öldürənlərə daha ağır cəza veriləcək - YENİLƏNİB

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 120.1 və 120.2 maddələrinə dəyişikliklər təklif edilir.

 

Maddə 120.1-ə edilən dəyişikliyə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu cəza 7 ildən 10 ilə qədərdir.

 

120.2 maddəyə daxil olan hallar üzrə isə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.

 

Bu maddəyə aşağıdakı hallar daxildir:

 

Qəsdən:

 

Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;

 

Xuliqanlıq niyyəti ilə adam öldürmə;

 

Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;

 

Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;

 

Tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;

 

Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;—

İki və ya daha çox şəxsi öldürmə;

 

Təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;

 

Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;

 

Təkrar adam öldürmə;

 

Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə; 

 

Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə üzrə isə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Hazırda sadalanan bu maddələr üzrə cəza 12 ildən 15 ilə qədərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3337
avatar

Oxşar yazılar