Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.
Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb edilirlər. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırda ölkəmizin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi qruplar yaradılıb.