Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Şabran rayonunun Gəndob qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq. Layihəyə əsasən 8 yol ötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğular nəzərdə tutulub.
Yol boyu torpaq işlərinin 80 faizi yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90 faizi tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir.
2 hərəkət zolaqlı mövcud Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək.