Azərbaycanda 111 ton məhsul məhv edilib
11 iyul 2017 11:37 (UTC +04:00)

Azərbaycanda 111 ton məhsul məhv edilib

Bu ilin ilk 5 ay ərzində ölkədə 110.909 ton kənd təsərrüfatı məhsulu məhv edilib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məhv edilən məhsullar arasında kartof (33.620 kq), alma (18.296 kq), soğan (15.315 kq), kələm (8574 kq), toxumluq kartof (8000 kq), naringi (3614 kq), nar (3036 kq), armud 2308 kq), heyva (1606 kq), yerkökü (1544 kq), xurma (1352 kq), üzüm (1240 kq), xiyar (1215 kq), balqabaq (1080 kq), çuğundur (1050 kq), buğda (905 kq) üstünlük təşkil edib. Bu məhsulların bir çoxu xarici ölkələrdən idxal olunub.   

 

Qurumdan bildirilib ki, həmin dövr ərzində İtaliyadan idxal edilmiş 35.730 ədəd  və 38.370 ədəd Bəzək (dekorativ ) ağacları və kollarında karantin tətbiq edilən zərərli orqanizm olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib. Yükün sirayətlənmiş hissəsi zərərsizləşdirmə tədbirlərinin aparılmasının mümkün olmaması nəzərə alınmaqla, karantin tədbirlər sisteminə ciddi riayət etməklə məhv edilib. Yenə həmin ölkədən gətirilmiş Bəzək (dekorativ) ağacları və kollarında karantin tətbiq edilən zərərli orqanizm olan Tut qalxanlı yastıcası aşkar edildiyi üçün məhv edilib.

 

Bundan başqa, İrandan gətirilmiş 5,5 ton  və 20 ton kivi məhsulunda karantin tətbiq edilən zərərli orqanizm olan Tut qalxanlı yastıcası aşkar edilib  və 110 kq məhsul seçilərək məhv edilib. Adıçəkilən ölkədən daxil olmuş 24.8 ton kartof məhsulunda karantin tətbiq edilən orqanizmin kartof güvəsi aşkar edilib və məhsulun sirayətlənmiş hissəsi seçilərək məhv edilib.

Gürcüstandan da ölkəmizə idxal olunmuş kartof məhsulunda karantin tətbiq edilən zərərli orqanizm olan kartof gövdə nematodu aşkar edilib. Görülən tədbirlər nəticəsində məhsuldan çeşidlənərək ayrılıbmış 3,9 ton çıxar yandırılma üsulu ilə məhv edilib.                                               

 

Rusiyadan gətirilmiş 198 ton toxumluq kartofda (Nevskiy) xüsusi təhlükəli xəstəlik törədicisi olan “kartofda qanqrena” ilə kütləvi sirayətlənmə müşahidə edilib və  toxum və ərzaq kimi istifadəyə yararsız olduğu üçün yandırılaraq məhv edilib. Stavropol diyarından gətirilmiş 6960 ton ərzaqlıq qarğıdalı məhsulunun tərkibində karantin tətbiq edilən yovşanyarpaqlı ambroziya aşkar edilib. Məhsul karantin sisteminə ciddi riayət etmək şərti ilə xüsusi aqreqatlar vasitəsilə təmizlənib və çıxan çıxar mövcud qanunvericiliyə uyğun olaraq yandırılıb. Yerdə qalan məhsulun isə təkrar yoxlamadan sonra istifadə edilməsinə icazə verilib.                                                            

 

RF-nın Kabardin Balkar Respublikasından gətirilmiş 2355 ton ərzaqlıq buğda (III sinif) məhsulunda da karantin tətbiq edilən alaq toxumu üçdilimli ambroziya, eyni zamanda Volqoqrad vilayətindən gətirilmiş 1458 ton ərzaqlıq qarğıdalı məhsulunda karantin tətbiq edilən alaq toxumu yovşanyarpaqli ambroziya aşkar edilib. Hər iki məhsul karantin tədbirlər sisteminə ciddi riayət etmək şərti ilə xüsusi aqreqatlar vasitəsilə təmizlənib, 23550 kq buğda və 1000 kq qarğıdalı çıxarı mövcud qanunvericiliyə uyğun olaraq yandırılma yolu ilə məhv edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Fərizə Əhmədova

Oxşar yazılar