Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel ilə görüşüb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirin Almaniyaya səfəri ərəfəsində keçirilən görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi olub. H. Əsədov Almaniyanın aqrar sahədə böyük təcrübəyə malik ölkə olduğunu bildirərək, Almaniyadan bu il 100 ədəd “Klaas” modeli olan kombaynların alınmasının nəzərdə tutulduğunu qeyd edib.
Almaniya ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu nəzərə çatdıran nazir, texniki avadanlıqların istehsalı, həmçinin baytarlıq və bitki mühafizə vasitələrinin istehsalı üzrə birgə müəssisələrin yaradılması imkanlarına baxılması, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.