Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri davam edən gənclər və idman naziri Azad Rəhimov dünyanın aparıcı və ən qədim universitetlərindən biri olan Kolumbiya Universiteti ilə BMT Baş katibinin gənclər üzrə elçisinin ofisinin keçirdiyi gənclər konfransında çıxış edib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, "Gənclərin rast gəldiyi marqinalizasiya və qeyri-bərabərlik" (Marginalization and Inequalities Youth Face) mövzusunda keçirilən konfrans nüfuzlu akademik və professorları, bir sıra dövlət və beynəlxalq təşkilatların nümayəndələrini, aparıcı Amerika və Avropa universitetlərinin tələbə və fəal gənclərini bir araya gətirib. Öz çıxışında nazir bu cür tədbirlərin keçirilməsini dəstəklədiyini bildirib, Azərbaycanın gənclər siyasəti modeli, onun prioritet və nailiyyətləri haqqında geniş məlumatı təqdim edib. Nazir oktyabr ayında Bakıda ilk dəfə keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum" haqda danışıb, görüş iştirakçılarını Bakı Forumuna dəvət edib. O deyib ki, "Gənclər siyasəti üzrə I Qlobal Forum"unda 700 nəfər ekspert, regional və beynəlxalq təşkilatlar, eləcə də gənclər təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.
"Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanıb: "Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmayə qoyulur. Bu o deməkdir ki, siz həm öz gələcəyinizə, həm gənclərin gələcəyinə inanırsız".
Çıxışdan sonra gənclər və idman naziri Kolumbiya Universitetinin muzeyinə Azərbaycan xalça nümunəsini hədiyyə edib. Səfər çərçivəsində nazir "Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu" (The role of UN in realizing the potential and meeting the challenges of empowering youth) adı altında keçirilən paneldə də çıxış edib. Nazir BMT-nin baş katibinin elan etdiyi "gənclər üçün və gənclər ilə iş" prinsipinin müasir gənclər siyasətində önəmli yer tutmasını qeyd edib, Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin olmasını xüsusi vurğulayıb.