Salam, oxucum. Necəsən, hardasan, nə işlər görürsən?
Sual xətrinə sual deyil bu...
Bilirsən nə var? Bir müddət gündəmi-zadı izləmə. Bir müddət televizoru açma, saytlara girmə.
Bir müddət elə bil ki, televizor özünsən, saytın ürəyindi, gündəm ruhundu.
Hətta mümkün olsa deyərdim heç işə də getmə. Ancaq mümkün deyil. İşləmək zorundasan.
Eybi yoxdu. Belə edə bilərsən: işə getdin, çox adama qaynayıb qarışma, söhbətlərə qoşulma, fikir vermə kim nə geyib, kim nə danışır, kim nə edir...elə bil ki, hamı sənsən. Özünə fikir ver, öz geyiminə bax, özünü dinlə. Özünlə sus.
Özünə güzgüdə diqqətlə baxmısan? Bax, çox diqqətlə bax özünə. Bütün bədəninə bax diqqətlə. Əllərinə bax, damarlarını say.
Sən sevinəndə necə olursan? Mən sevinəndə gözlərim qıyılır. Üzümə elə bil işıq qoşurlar.
Mən sevinəndə cürbəcür səslər çıxarıram.
Səndə necə olur? Məsələn, indi ən çox nəyə sevinərdin?
Mən çox maddi şeylərə sevinərdim, çox maddi. Çoxlu pula sevinərdim, gözəl bir evə sevinərdim, bahalı bir maşına sevinərdim. Mənəvi hər şeyim var çünki. Hətta olduqca çoxdu. Hətta o qədərdi ki, özümə də yük olur bəzən. Bəzən yarısını kiməsə bağışlamağım gəlir. Ancaq bu bağışlanacaq deyil ki... Paylaşırsan, sonra da toplayıb geri götürürsən. Nəyə oxşayır desəm...mm...bax məsələn, gözəl, uzun saçları olan bir qadın düşün. Çox uzun və çox gözəl saçları olan, ipək saçlı bir qadın. O saçlarını açır, oynayırsan, sığallayırsan, hörürsən sonra toplayıb gedir.
Gözəlliyini səninlə paylaşıdımı? Paylaşdı. Zövq aldınmı? Aldın. Amma saçlarını sənə biryolluq verə bilməz. Kəsib versə də həminki ləzzət olmayacaq.
Bax eynən o cürdü mənəvi dünya. İçində, tərkibində nələr var, nələr.
Amma bağışlanası bir şey deyil. Bütün sevgilərdən sonra toparlanıb getməli olursansa gözəl və uzun saçlı qadın misalını xatırla.
Sənin olan səndə qalır, başqa cür olmur.
Başqa cür olması üçün gərək uzun saçlı gözəl qadın, həmişə uzun saçlı gözəl qadın arzulayan bir kişiyə rast gəlsin. Uzun saçlı gözəl qadın da, həmişə saçlarının oxşanmasını istəsin. Bu mümkünmü? Deyil təbii. Nə uzun saçlı gözəl qadın saçlarını hər dəfə açmaq istəyir, nə də uzun saçlı gözəl qadın arzulayan kişi ömrü boyu elə bunu arzulayır. Boş ver...
Gəl səndən danışaq. Nə istərdində qalmışdıq. Daha doğrusu, nəyə sevinərdində. Bu əslinə qalsa, heç sual da deyil. Yəqin istəyirəm səni sevindirəcək nəsə olsun. Heç nəyə sevinə bilməyən adamların sayı artır getdikcə. Niyə sevinə bilmirlər? Hamı niyə bu qədər əzab çəkir?
Darıxır, inciyir, dərdi var.
Dərdin yeganə əlacı onu içində yaşatmamaqdı. Hə, sözdə çox asandı. Amma yüz fikir bir dərdi azaltmır axı...
Mən nə dərdlərin altından sağ-salamat çıxan adamlar görmüşəm. Maşın bassa daha rahat ölərdi, düşünürsən, amma ölmür, yaşayır və kimsənin buna arsızlıq demək haqqı yoxdu.
Məncə dərd özü yox, dərd çəkmək yükdü. Çəkməklə azalmır...dərd çəkmək dənizdən ovuc-ovuc su götürüb onu azaltmağa çalışmaqdı. Dərd çəkmək ocağa təzədən od vurmaqdı.
Dərd çəkildikcə dərddi...
Çəkməsən dərd olmayacaq. Bilmirəm...niyə insan sevinməkdən daha çox dərd çəkməyi öyrənib.
Başına bəla gəlibsə uzun zaman, bəzən ömrüncə unutmursan.
Ancaq başına sevinc gəlibsə sevinməyin çox az çəkir. Sevinc az çəkilir nədənsə. Sən beş il əvvəl yaxşı bir xəbər almısansa sevincini beş dəqiqə yaşayırsan. Amma kədər belə deyil, dərd belə deyil, bəla belə deyil. Beş il əvvəl başına gələn bəlanı ölənə qədər unutmursan.
Kədərin ömrü də sevincin ömrü qədərdi. Biz birinin ömrünü yalandan uzadırıq sadəcə.
Hey düşündüm səbəbini, heyy...
Biz niyə çox gülən adama dəli, sırtıq, düşük, hərzə, yüngül, arsız deyirik, amma çox ağlayan adama yarımağa, kömək eləməyə çalışırıq?..Niyə çox ağlayan adam dəli sayılmır?
Niyə yüngül, boş, hərzə sayılmır?.. niyə kədər insanın çəkisini ağırlaşdırır gözümüzdə, amma sevinc yüngülləşdirir?
Sevincə qoşulmaq o qədər çətindi ki...yoxlamısan? Bir adama sevincini ötür, misallar çəkəcəkmi özündən? Yox, çox nadir halda. Bir adama kədərindən danış, özündən nə misallar gətirəcək.
Nədi axı bu?
Niyə ağlayan adamın yanında olmaq istəyirik, gülən adamı tək qoya bilirik...
Niyə kədərin yanında olmağı seçirik? İnsan dünyaya gələndə gülmür, ağlayır...Nədəni nədi?
“Ciyərləri açılır” deyə səs çıxarmalıdısa gülsün də...Niyə ana bətnində ağlamağı öyrənir insan?
Niyə uşaq nəsə istəyəndə gülərək istəmir, ağlayır? Bunda bir sirr var.
Bilmirəm kim nəyin peşindədi. Mən bunun peşindəyəm. Bundan böyük sirr yoxdu mənim üçün.
İnsanın məzmunu ağlamaq olsaydı gülməyi bacarmazdı. Yuxuyozumlarında ağlamaq yaxşıya yozulur. Ağlamaq durulmaqdı, saflaşmaqdı. Ağlamaq sevincə yozulur. Bu nə kəlləmayallaq işlərdi belə...
Yad cisimlər, göz yaşı ilə gözdən uzaqlaşdırılır. Göz yaşı gözün səthini şəffaf saxlayıb görmə qabiliyyətini təmin edir. Ağlamaq stress atmaq üçün ən gözəl üsuldu. Həm də təbii üsuldu, qanunidi. Elm belə deyir...
Elm gülüşü izah etmir.
Altay şamanizmində doğum (həyat) ilahəsi İnehsit Xanım və ya İyehsit Xatun adlı bir personaj var. Qəhqəhəsi, möhkəm gülüşü doğan qadına hətta ev heyvanlarına kömək edərmiş. İyehsit adı İyi, iye ( yaxşı) sözündən qaynaqlanır. Gülüş qədim türk mədəniyyətində fərqli məzmun daşıyır. Gülüş- bolluq, toxluq, qürur, ucalıq, həyat əlaməti sayılır. Deyilənə görə şaman övladı doğulanda ağlamır, gülür. Əgər bu ayin, bu inanc olubsa deməli qədim şamanlar bizdən çox, çox əvvəl ağlamamağın yollarını axtarıblar və tapıblar. Deməli tapmaq mümkündü.
Çox düşündüm. Elə körpə var ki, doğulanda ağlamır. Məsələn, mənim qızım susurdu. Qurdalanırdı nəsə, nəsə qığıldayırdı, amma ağlamırdı. Doktor xanım uşağı zorla ağlatdı.
Mən bütün hamiləliyimi gülə-gülə keçirmişdim. Qızım heç ağlamırdı bu üzdən. Əminəm ki, biz kədəri bətnimizə ötürürük. Çünki uşağın cəmiyyət və ətraf mühitlə yeganə ünsiyyət vasitəsi anadı. Ətraf isə başdan ayağa zırzırdı. Öz təcrübəmdən misal çəkirəm, yaşadığımı və zamanla anladığımı deyirəm. Qızım ağlağan deyil. Ağlamağı biz ona sonradan öyrətdik. Gördü ki, gülə-gülə nəsə istəyəndə heç kim məhəl vermir. Ancaq ağlayanda hamı başına yığışır. İki ilə qədər qızım bütün günü gülürdü. Adam görəndə gülürdü, görməyəndə gülürdü, hoppanırdı, sevinirdi. Çünki onu bətnimdə belə tərbiyə etmişdim. Çox gülürdüm onu gözləyəndə. Güləyən olmuşdum. Qızım da güləyən doğuldu.
İndi hərdən yalandan ağlayıb nəsə istəyəndə fikrə gedirəm...istədiyini verim, ya yox?
Çox vaxt vermirəm. Başını qatıram başqa işlə. Fikrini ayrı yerə yönəldirəm. Unudur. Gülüşü üzünə qayıdır. Görürəm ki, getdikcə hər şey üçün ağlamır. Getdikcə fikrini deyir, istədiyini ayıq və sağlam şəkildə ifadə edir. Mən onu yalandan gülməyə də məcbur etmirəm. Qorxuram ki, saxtalaşar olar. Hər şey o qədər dəyişik düşüb ki, üzümüzə gülənlərin səmimi olduğuna inana bilmirik. Gülüş çox aşağılanır cəmiyyətdə. Gülən adama inanmırlar...
Sən nəyə gülərdin, ay oxucu? İndi nə səni ürəkdən güldürə bilər? Düşünürəm ki, nəyə gülə biləcəyini bilməyən adamın göz yaşına da inanmaq olmaz. Onun göz yaşı həkimlərin zorla uşağı ağlatması kimi bir şeydi. Bəzən adam sənə niyə kədərli olduğunu, niyə ağladığını izah etməyə çalışır və bu onda alımır. Baxırsan ki, onun kədər adlandırıb gözünün qorasını tökdüyü məsələ sadəcə həyatdı və ya çox anlamsız bir şeydi, ya da özünü sevməmək, ya da özünü tanımamaqdı.
Günlərlə evdən çıxmaya bilərəm. Qətiyyən darıxmıram. Mənə özümlə maraqlıdı. Bütün günü zarıyan adamlara diqqət edəndə görürsən ki, özüylə baş-başa qala bilmir. İnsan dəniz kimidi. Fırtına baş verir, dalğa qalxıb yerə çırpır özünü, sunami dağları ötür, coşur-daşır, amma yenə özünə çəkilib sakitcə həyatını və mövcudluğunu sürdürür. Hərdən adamların kədər dedikləri şey sənə dənizdə sonsuz burulğan kimi görünür. Belə olmur...burulğan, sunami, dalğa mütləq sakitləşir, dəniz də rahatlanır.
Demədin axı, nəyə sevinər, nəyə gülərdin?..
Deməsən də olar. Əsas odu, səni sevindirəcək, güldürəcək nəsə olsun.
Sevinməyi bacarmaq...ilahi keyfiyyət olsa gərək.