Doğum günümü qeyd elədim, oxucum. Soruşsan ki, doğum günü mənim üçün nə anlama gəlir, cavabım olmaz. Bilmirəm nə anlama gəlir.
Bilmirəm sevinirəm, sevinmirəm o gün. Nə hiss edirəm, necə oluram...bilmirəm gerçəkdən.
Bilmirəm biz niyə qeyd edirik doğum günümüzü.
Hər şeyi qeyd edirik ...doğumu, ölümü.
Doğulana sevinirik, ölənə ağlayırıq.
Yüzillərin ayinidi bu.
Bütün insanlığın gördüyü işdi.
Həyata gəlişin kutlanması, gedişin ağrısı dinlərin bizə öyrətdiyi nə varsa hamısına qarşı çıxır.
Əgər bu dünyaya transfer olunmuşuqsa, ölüb daha yaxşısına gediriksə məntiqlə əksinə olmalıdı.
Doğulana ağlamalı, ölənə sevinməliyik.
Nə boyda təzadın içindədi insanlıq.
Bir də doğum gününə ad günü deməyimiz var.
Fəlsəfi yükü filanımı var düşünürkən, ağlıma fikir gəldi.
Adla doğulan və doğulmayanlar...
İzah edim nədi. Məsələn, biriləri körpəsini gözlərkən onunla bağlı hər məqamı düz-qoş edir, çözələyir, aranı dağa, dağı arana aparır. Bunu alaram, otağı belə olar, 40-cı günündə filan işi görərik. Belə çimdirərik, belə əzizləyərik. Jurnallar oxuyur, materiallara baxır. İnterneti ələk-vələk edir görsün, aybaay uşaq necə olmalıdı, necə böyüməlidi. Qadın hansı yeməyin bətnindəki körpəyə xeyri olduğunu öyrənir, kişi qadınına ən sakit, ən rahat şəraiti yaradır. 9 ay boyu körpəsiylə danışanlar da olur. Təpik atdı, əlini uzatdı filan. Körpəni düşünür cütlük. Körpəmiz olsun qərarı verəndən sonra siqareti, içkini atanlar olur. Bir də önəmli qərar var. “Adı bu olar” qərarı.
Doğulan andan adı varsa balaca adamın, demək onun gəlişinə hazırlaşıblar, onu əməllicə gözləyiblər. Demək, adı tələsik , necə gəldi, apar-topar qoyulmayıb.
İzelimin adını 7-ci ayda tapdım. Düşünürdüm. Qərar da vermişdim. Sezen olacaqdı adı. Hələ heç planda olmazdan düşünürdüm ki, qızım olsa adını mütləq Sezen qoyacam.
Sonra rastıma “İzel” çıxdı. Qulağa daha zərif gəldi, ona görə də qızım İzel oldu.
Qısa adları sevirəm. Qısaldılmış adları yox. Uzun adları kəsməyə məcbur olursan. Bir bağça tərbiyəçisi ilə söhbət etmişdik. Uşaqlarla bağlı böyük təcrübəsi olan o qadın demişdi ki, balalarınıza səbiş, təriş, çəpiş-zad deməyin. Adını deyin. Qoy körpəlikdən böyük adam kimi formalaşsın. Uşağa pişik, dovşan nəmənə deyəndə o şəxsiyyət olmur. Elə dovşan, pişik kimi bir şey olur.
Ad önəmli məsələdi. Bir də dini adları sevmirəm. Öncə ona görə ki, qoyulan dini ad sahiblərinin demək olar hamısı ağır tale yaşayıblar. Sonrası ona görə ki, dini ad vermək uşağın boynuna yük qoymaqdı. Ən nəhayəti də budu ki, əlini atıb ad götürmək ən asan yoldu. Övlad üçün adı özün axtarıb tapsan necə gözəl olar. Heç kimin taleyini, tarixini, yükünü daşımayan bir ad.
Doğulan andan adı üstündədisə, insanın doğum günü elə ad günü sayılır. Ad qoyma başqa zamana aiddisə, doğum günü o adam üçün ad günü deyil.
Məktubun əvvəlində yazdım ki, doğum günümdə bilmirəm sevinirəm ya yox. Elədi, bilmirəm. Çünki çox doğaldı, olacaq bir şeydi mənim üçün. Ağlım kəsəndən ad günlərimi ailəm dəfə-daraqla keçirib. Bütün doğmalar axışıb bizim evə gəlib. Hay-küy olub.
Bir məsələni dəqiq bilirəm. Sevdiyin insanların doğum tarixini yadında saxlayırsan.
Hamı belədi. Gerçəkdən sevdiyimiz adamların doğum günləri bizim üçün əziz olur. Ona, var oluşuna, nə vaxtsa dünyaya gəlişinə sevinirik.
Bu açıdan doğum günümü sevirəm. Çünki ən əziz adamlarım yanımda olur. İllərlə belədi.
Bu bəlkə də yeganə gündü ki, aldığın mesaj, təbrik, qarşıladığın qonaq sənə öz sevgisini gətirib gəlir. Bu gün formal olmur, bayramdı təbrik edim nəzəriylə hazırlaşmır heç kim sənin üçün. Kim hazırlaşırsa, deməli Sənin üçün hazırlaşır, bayram üçün yox.
Bir dəfə oxumuşdum ki, doğum günlərində verilən hədiyyədən adamların sənə olan münasibətini ayırd etmək olur. Hədiyyələr içində sənin üçün seçilib alınan, sənə hesablanan nədirsə, adamların içində də sənə həssas yanaşanı, önəmsəyəni o hədiyyəni verəndi. Kimsə vaxtını sərf edib məhz sənin üçün, sənə uyğun hədiyyə düşünübsə onun üçün önəmlisən.
Ailəmlə keçirdim doğum günümü. Həm də ad günümü. Anamdan, nənəmdən eşitmişəm ki, mən doğulmazdan artıq adım Aysel idi. Türk adıdı, qısaltmağa da ehtiyac yoxdu. Baxmayaraq ki, doğmalar adamı əzizləyəndə adı özləri üçün daha uyumlu şəklə salırlar. Ən yaxınlarım mənə “Aska” deyir. Sevməzdim uşaqlıqda adımı. Bağçada uşaqlar adıma qafiyə qoşardılar. Aysel, Kisel, Karusel deyərdilər, utanardım. Gəlib anama “adımı dəyişin” deyərdim.
Bu doğum günümdə hiss elədim ki, adımı sevməyə başlamışam....
Yaxşı deyir, ad bizi yox, biz adı ucaldırıq. Sənin adına məktub yazmaq nə xoşdu bir bilsən, Oxucum...
Demək istəyirəm ki, əslində bütün bayramlardan, önəmsədiyimiz günlərdən ən yaxşısı doğum günüdü. Kimsə hansısa bayramda bizi təbrik etməyə bilər, unudar, ya hardasa çox uzaqlarda olar. Ancaq doğum günündə gəlib çıxan adam, unutmayan adamdı. Həmişə yanında olmağa hazır adamdı. İllər öncə ilk sevgilimin (onsuz keçirdiyim) doğum günündə bir şeir yazmışdım. “Öz doğum günündə yerin görünür” misrası vardı. Yaşın ən duru çağında yazılan və yaşanan o ən duru duyğunu ifadə etmək üçün doğum günü karıma gəlmişdi. Sevdiyim hər kəsin dünyaya gəlişindən indi də mutluyam...
Bütün bunları bu ad günümdən sonra fikirləşdim... Bu dəfə gözlədiyim adam gəlib çıxdı. Yadında, 5-ci məktubda belə giriş yazmışdım: “Kaş bütün məktublar belə başlayardı. Salam, gözlərini gözlədiyim adam gəlib çıxdı”. Bilirsən nə var? O cümləyə inanmırdım, yazdığıma inanmırdım, oxucum. Əmin idim ki, bu cümlənin həmişə “kaş” önlüyü olacaq.
Gözlərini qədirbilməzlərlə yorma, oxucum. Yaxşı adamlar mütləq gəlirlər. Gözlərini yaxşı adamlar üçün qoru.