Ay İt, sən burda neynirsən?
13 dekabr 2014 16:44 (UTC +04:00)

Ay İt, sən burda neynirsən?

0

Hər gün eyni yolları da, müxtəlif yolları da keçsəm, yenə də Lənkəranın mərkəzi küçələrini sözün həqiqi mənasında əlinə almış itlərlə qarşılaşmalı oluram.

Bəzən tək, bəzən cüt, bəzən komanda şəklində olurlar.

Məsələn, əgər mən şəhərin mərkəzi parkında onlarla qarşılaşıb, üstümə cumacaqlarından qorxaraq yolumu dəyişirəmsə, bu yolda da hansısa itlə üz-üzə gəlməmək və qorxmamaq kimi bir ehtimalım yox dərəcəsindədir.

 

İtə sahibinə görə hörmət edilən toplumda yaşadığımız üçün, bu itlərə heç bir hörmət nəinki nümayiş etdirməyə, hətta bunu düşünüb hiss etməyə belə heç bir borcumuz yoxdur.

Çünki, səhərdən axşama və çox yəqin ki, axşamdan da səhərə kimi “o küçə sənin, bu küçə mənim” prinsipi ilə boş-bekar gəzişən bu itlərin sahibini tanımırıq.

Tanımırıqsa, demək onlar yoxdurlar.

Axı hansı sahib öz itini küçəyə qovar, həm də indiki zamanada?

 

Onlara yazığımız da gəlmir.

Gəlmək istəyirsə də, həmən bu hissi naməhrəm və ruhumuzu cəhənnəm alovuna sürükləyəcək pis günah kimi özümüzdən uzaqlaşdırırıq.

Çünki çox gözəl bilirik ki, onlar da acanda, yeməyə heç nə tapmayanda, yaz və payız fəsildəyişməsi periodunda hormonlarına əsir-yesir olanda nə bizə, nə də bir-birlərinə rəhm hissi duymurlar.

Onlar duymursa, biz niyə bu zəhməti çəkək ki?

 

Onları söyürük.

“Murdar it”, “çərdəymiş”, “sovxaya qalmış”, “miiras” və s.

İtlərə ünvanlanaraq çırpılan ən maraqlı söyüş bu olur: “ İt oğlunun iti!”

İtə sahibinə görə hörmət edilən toplumda yaşadığımız üçün, bir növ, öyrəncəliymişik kimi, bu hörmətin “o yandan bəri” versiyasına da mütləq əl atırıq.

İt sahibinə itinə görə hörmətsizlik etmək kimi bir boyun borcumuz olur həmişə.

 

Onları qovuruq.

Milli mental dəyərliyiksə, “rədd ol!” deyirik, yox, rusdanqalma postsovet vərdişliyiksə, “paşol!” deyə bağırırıq.

“Rədd ol!” deyəndə bir addım arxaya meyllənirik adətən, içimizdən qorxu boylanır.

“Paşol!” bağıranda bir addım qabağa yönəlirik adətən, itin içini qorxuduruq.

Qorxanda “it kimi” qorxuruq.

Qorxudanda “iti qovan kimi” qorxuduruq.

Narazı qaldığımıza qiymət verərkən “it günü” kimi bir dəyər vahidimiz yada düşür.

Bəyənmədiyimizə “itə oxşayır” istehzası edirik.

“İt əl çəkdi, motal əl çəkmədi” deyə lağa qoyuruq bizi qarşılığımız olmadan sevənləri.

Ən böyük populyarlığımız isə “ala itdən məşhur olmaq” kimi görünür uzaqbaşı.

 

Nə isə.

Mən bu yazını yazıram və pəncərəmin önündən keçən qara qıvırcıq saçlı qızın arxasınca düşüb onun addım izlərini iyləyə-iyləyə gedən it yayındırır fikrimi.

Boynunda ipi qırılmış xaltası var.

Ala-bula, qəhvəyi-qara reflefason tükləri olan balaca “Çubuş”dur.

Çox şirindir, çox...

Az qalır masanın arxasından qalxıb qapını açım və çağırım, soruşum:

- Ay İt, sən burda neynirsən?..

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar