Qazaxıstanın Astana şəhərində keçirilən XII Avrasiya Media Forumu çərçivəsində iştirak edən Azərbaycan nümayəndə heyəti forumun Təşkilat Komitəsinin sədri, Qazaxıstan prezidentinin qızı Dariqa Nazarbayeva ilə görüşüblər.
“APA Holdinq”in Direktorlar Şurasının üzvü Cavid İsmayıl heyət adından forumun yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib.
D. Nazarbayeva azərbaycanlı jurnalistlərin Astana haqqındakı təəssüratlarını bölüşüb. O, Azərbaycana olan sevgisini ifadə edib: “Bakını çox sevirəm, xüsusən də İçərişəhəri. Hər gəlişimdə köhnə Bakıya mütləq baş çəkirəm".
Qeyd edək ki, bu gün Astanada XII Avrasiya Media Forumu (EAMF) başlayıb. Toplantıda
dünyanın bir çox ölkələrindən olan tanınmış ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Onların arasında ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç, İsrailin sabiq baş naziri Ehud Barak, tanınmış rusiyalı jurnalistlər Vladimir Pozner və Maksim Şevçenko da var.
Qeyd edək ki, Azərbaycanı forumda “Japan Tobacco İnternational” şirkətinin təşkilati dəstəyi ilə “APA Holdinq” və “AzərTAc” Dövlət Agentliyi təmsil edir.
***
17.34
Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində XII Avrasiya Media Forumu (EAMF) başlayıb.
APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Qazaxıstan paytaxtındakı Müstəqillik Sarayında keçirilən tədbirdə dünyanın bir çox ölkələrindən olan tanınmış ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Onların arasında ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç, İsrailin sabiq baş naziri Ehud Barak, tanınmış rusiyalı jurnalistlər Vladimir Pozner və Maksim Şevçenko da var.
Forumun açılış mərasimində Qazaxıstanın dövlət katibi Adılbek Jaksıbekov prezident Nursultan Nazarbayevin tədbir iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Fəaliyyət göstərdiyi on iki il ərzində EAMF-ın siyasətçilər, ekspertlər və jurnalistlər arasında fikir mübadiləsi üçün misli görünməmiş meydana çevrildiyini vurğulayan dövlət başçısı forumun işinə uğurlar arzulayıb, onun öz məqsədlərinə nail olacağına əminliyini bildirib.
Açılış nitqi ilə çıxış edən forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva tədbir haqqında məlumat verərək iki gün ərzində MDB ölkələrində, Yaxın Şərqdə və Avrasiya məkanında baş verən proseslərin müzakirə olunacağını bildirib. O, Ukraynada cərəyan edən hadisələrin bütün dünyada narahatlıq doğurduğunu söyləyib: “Bizi Ukrayna ilə çox şey birləşdirir. O, bizim yaxşı dostumuz və etibarlı ticarət tərəfdaşımızdır. Biz Ukrayna sarıdan narahatıq və bütün baş verənləri lüzumsuz hesab edirik”.
Sosial şəbəkələrin cəmiyyətdəki roluna toxunan D. Nazarbayeva Türkiyədə “Youtube” və “Twitter”in bağlanmasını, Rusiyada populyar bloggerlərin məsuliyyətinin KİV-lə eyniləşdirilməsini tənqid edib: “Cəmiyyəti məsuliyyətsizlik kimi heç nə dağıtmır. Təəssüf ki, sosial şəbəkələr daha çox böhran vaxtlarında ünsiyyət meydanı olmaqdan çıxır. Ukrayna hadisələri dezinformasiya sunamisi yaratdı. Hesab edirəm ki, cəmiyyət özünü elektron virusun müdaxiləsindən qorumağı öyrənməlidir. Bağlamaq çıxış yolu deyil”.
Öz işini panellərlə davam etdirən forum sabah başa çatacaq. Sabah Ukraynadakı vəziyyətlə bağlı müzakirələrin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanı forumda “Japan Tobacco İnternational” şirkətinin təşkilati dəstəyi iləAPA və “AzərTAc” Dövlət Agentliyinin əməkdaşları təmsil edir.