AŞPA-nın Bosniya və Hersoqovinalı üzvü Miliça Markoviç və AŞPA-da Bosniya və Hersoqovina nümayəndə heyətinin katibi Sevda Valjevcic Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşüblər. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə, AŞPA üzvlərinə təşəkkürünü bildirən G. Fərhadov xəritə üzərində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verib.
G. Fərhadov Dağlıq Qarabağ münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd edib.